Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması üçün atılan və atılmalı olan addımlardan birincisi məhz kənd təsərüffatı üçün yararlı torpaq sahələrinin düzgün idarə edilməsidir. Azərbaycanın kənd təsərüffatı üçün yararlı torpaq sahələri 4,7 milyon hektardır. İqtisadçı Eldəniz Əmirov deyir ki, bu torpaqlar müəyyən qaydalarla istifadə olunur:

“Bu torpaq sahələrinin 2 milyon hektardan çoxu birbaşa əkin üçün istifadə olunan, 2 min hektardan çoxu örüş üçün istifadə olunan, kiçik bir hissəsi isə dincə qoyulan torpaqlardır. Örüş üçün istifadə olunan torpaqların ərazisi son illərdə kifayət qədər azalıb. Azalmasının səbəblərindən biri də bu ərazilərin əkinə cəlb olunmasıdır.”

Ərzaq təhlükəsizliyinin təmin olunmasında bu faktor çox böyük rol oynayır. İqtisadçı deyir ki, bizim artırılması mümkün olmayan 4,7 milyon hektar ərazimiz var. Bu ərazinin hansı hissəsini əkinə, hansı hissəsini örüşə və.s ayırsaq kənd təsərüffatı üçün istifadə edəcəyimiz torpağın həcmi dəyişmir. Hədəf daha səmərəli istifadədir:

“Biz buğdaya olan ehtiyyacımızı ödəmək üçün bu torpaq sahəsini artırsaq, o zaman digər məhsulların ərazisi azalacaq. Başqa bir hədəf isə yeni texnoloji tətbiqlərin həyata keçirilməsi bu torpaqlara innovativ yanaşmaların icra olunması nəticəsində məhsuldarlığın artırılmasıdır. Torpaqların təyinatının dəyişdirilməməsi ilə iş bitmir. Nəzarəti düzgün həyata keçirsək, məhsuladarlığı qaldıra bilməsək ölkənin ərzaq ehtiyyatını daxili imkanlar hesabına ödəyə bilməyəcəyik.Bunun üçün ilk növbədə kənd təsərüffatı üçün yararlı torpaqların təyinatının dəyişdirilməsi məsələsi tam minumallaşdırılmalıdır və nəzarət güclənməlidir. Artıq bu məsələdə gecikmişik. Çünki, kifayət qədər böyük ərazilər var ki, təyinatı dəyişdirilib. Kimlərsə bu torpaqları qeyri-adekvat istifadə edir, kimlərsə başqa cür özəlləşdirib və.s”

Qeyd edək ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov Milli Məclisin keçirilən plenar iclasında bildirdi ki, kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edənlər üçün nəzarət sistemi yaradılacaq.

Məhəbbət Məmmədov