Bu il "Azərsu" ASC Şuşa şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işləri davam etdirəcək, Ağdam şəhəri və 33 kəndin, Füzuli şəhəri və 18 kəndin, Cəbrayıl şəhəri və 24 kəndin, Zəngilan şəhəri və 21 kənd və qəsəbənin, Qubadlı şəhəri və 23 kəndin içməli su su təminatı məqsədi ilə su mənbələrində hidrogeoloji və hidroloji tədqiqat, su təchizatı və tullantı su şəbəkə və qurğularının layihələndirilməsi işləri aparacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun işğal olunmuş torpaqları düşmən tapdağından azad etməsindən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə ölkə üzrə içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin yaxşılaşdırılması istiqamətində layihələrin icrası uğurla həyata keçirilib.

2021-ci ildə Şuşa şəhəri, Hadrut qəzəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında, həmçinin Talış və Suqovuşan qəsəbələrində içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülüb, eyni zamanda həmin ərazilərdə fasiləsiz xidmət təşkil olunub. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 54 km içməli su xətləri çəkilib, 1 ədəd subartezian quyusu qazılıb və 2 ədəd subartezian quyusu əsaslı təmir olunub. Bununla da 350-dən çox obyekt içməli su ilə təmin edilib.

Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin içməli su təchizatı, tullantı, yağış sularının idarə olunması sistemlərinin yaradılmasının texniki iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədi ilə işçi qruplar yaradılıb. İşçi qrupuna müvafiq dövlət təşkilatlarının və “Azərsu”yun mütəxəssisləri cəlb olunub. Hazırda işçi qruplar ilkin layihə sənədlərini hazırlanması üzərində iş aparır", - deyə səhmdar cəmiyyəti bəyan edib.