Ev əşyalarından ofis mebellərinə qədər genişlənən mebel sənayesi hər il böyüyür. İstehsal, paylama və pərakəndə satışdan ibarət olan mebel bazarı qlobal miqyasda yüksək sərmayəli bir sənayedir. ABŞ təxminən 73 milyard dollarlıq idxal dəyəri ilə dünyanın ən böyük mebel bazarlarından biridir. Çin isə bu siyahıda ABŞ-dən sonra ikinci yerdədir. Çin eyni zamanda 90 milyard dollar dəyərində ixrac ilə liderdir.

İqtisadiyyat.az-ın araşdırmasına görə, İsveçdə qurulan və hazırda bütün dünyada tanınan "IKEA" 21 milyard dollarından çox dəyəri ilə qlobal miqyasda ən dəyərli pərakəndə satış şirkətidir.

Məlumata görə, Danimarka və Almaniya kimi ölkələrdə mebelə olan xərclər sürətlə artmaqdadır .

Mebel bazarına dünyada baş verən iqtisadi hadisələr daha çox təsir göstərir. Qeyri-müəyyənlik dövründə istehlakçılar artıq xərcləri azaldır və evlərin təmiri layihələrini təxirə salırlar. Bu da bazara təsirsiz ötüşmür.

Araşdırmalara görə, mebel bazarında qlobal gəlirin 2024-2029-cu illər arasında ümumilikdə 156,6 milyard dollar və ya 20,47 faiz artacağı proqnozlaşdırılır. Belə ki, qlobal mebel bazarının gəlirinin 2029-cu ildə rekord səviyyəyə - 921,6 milyard dollara çatacağı proqnozlaşdırılır:

İllər

Mebel sənayesinin gəliri

2019

623,4 milyard dollar

2020

634,2 milyard dollar

2021

705,1 milyard dollar

2022

694,4 milyard dollar

2023

738,4 milyard dollar

2024

764,9 milyard dollar

2025

794 milyard dollar

2026

824,6 milyard dollar

2027

856,1 milyard dollar

2028

889 milyard dollar

2029

921,6 milyard dollar

 

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycana 67,1 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub. Ölkənin idxal etdiyi mebellərin dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 1,4 milyon dollar çoxdur.

 

Gözəl Həşimova