İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.

Dövlət başçısını Aşqabadda salamlamaqdan məmnunluğunu bildirən Prezident Sərdar Berdiməhəmmədov Zirvə Toplantısına dəvəti qəbul edib iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İlk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırladan Türkmənistan Prezidenti həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğuladı. Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxundu, Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını dedi. Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.