Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən “Mədrəsə" tarix-memarlıq abidəsi bərpa ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, muxtar respublikanın Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.

İlkin mərhələdə abidənin bərpası üzrə layihə-smeta sənədləri hazırlanacaq.

Qeyd edək ki, inşa tarixi 1714-cü ilə, Səfəvi hökmdarı Şah sultan Hüseynin hakimiyyəti dövrünə aid olunan Ordubad mədrəsəsi isə zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir. Mədrəsə orta əsrlərdə ölkəmizin ən mühüm mədəniyyət və təhsil müəssisələrindən biri olub, dövlət aparatının yüksək vəzifəli adamları tərəfindən himayə və idarə edilib. Fəaliyyət göstərdiyi bütün dövrlərdə mədrəsə şəhərin sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayıb. O, Naxçıvanda sovet hakimiyyəti qurulanadək fəaliyyət göstərib. Akademik Məşədi xanım Nemətin yazdıqlarına görə, orta əsrlərdə Ordubad şəhərindən çıxıb və "Ordubadi" nisbəsi ilə tanınmış bir sıra görkəmli şəxsiyyətlər də bu mədrəsədə təhsil alıblar ki, onlardan biri də böyük yazıçı-publisist və ictimai xadim Məmməd Səid Ordubadi olub.