Azərbaycan Dili və Əlifbası Günü hər il Azərbaycanda qeyd olunan milli bayramdır. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmana əsasən on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edilmiş və yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, mədəniyyətimizin tarixində mühüm hadisə olmuşdur.

Xalqın milli mənəviyyatının tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyətini gələcək nəsillərə çatdıran,  maddi-mədəni nailiyyətlərini yaşadan milli mənəvi sərvətidir.  Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblərdən dəyişdirilmişdir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq ümumxalq arzusuna çevrilmişdir. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, onun tarixini yaşadan əlifbanın da dəyişdirilməsini qarşıya  məqsəd qoymuşdur. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında 1990-cı ildə  Kiril qrafikasından latın qrafikasına keçid əsas məsələlərdən biri kimi  görkəmli alim Afad Qurbanovun rəhbərliyi ilə  geniş müzakirə olunmuşdur. Alim kiril əlifbasının müasir tələblərə cavab vermədiyini əsaslandıraraq yazırdı ki, “kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, onun tələblərinə cavab vermir və indi işlətdiyimiz kiril qrafikalı əlifbada bir sıra düzəldilməsi mümkün olmayan qüsurlar vardır. Eyni zamanda kiril qrafikalı əlifba xalqımızın milli mədəniyyətinin birləşməsinə ancaq mənfi təsir göstərir. Müxtəlif yerlərdə yaşayan azərbaycanlılar bir-birinin nailiyyətləri haqqında birbaşa məlumat ala bilmirlər, milli mədəniyyət arasında möhkəm əlaqə yaranmır. Buna görə də xalqımızın birliyi, onun iqtisadi, siyasi və mədəni inkişafı üçün mütərəqqi və yararlı əlifba lazımdır. Bu da indi və gələcəkdə özünü doğrulda bilən latın qrafikası əsasında yeni əlifba olmalıdır”.

Afad Qurbanov yeni əlifbanın latın qrafikası əsasında tərtib edilməsinin zəruri tərəflərini elmi cəhətdən əsaslandırmışdır. Azərbaycan əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanı bəziləri kiril, bəziləri ərəb, bəziləri isə latın əsaslı əlifbanın qəbul edilməsini təklif etmişdir. Görkəmli alimin  tə­şəb­bü­sü ilə 1990-cı il­də Azər­bay­can Əlif­ba Ko­mis­si­ya­sı yaradılmışdır. Bu sa­hə­də­ki uzunmüddətli  ya­ra­dı­cı­lıq işləri nə­zə­rə alı­na­raq Azər­bay­can SSR Elm­lər Aka­de­mi­ya­sı­nın o za­man yeganə üz­vü olan Afad Qur­ba­nov hə­min Ko­mis­si­ya­nın səd­ri se­çil­miş­dir. A.Qur­ba­nov qə­ti şə­kil­də bə­yan et­miş­dir ki, ki­ril qra­fi­ka­sı Azər­bay­can di­li­nin bü­tün in­cə­lik­lə­ri­nə, onun tə­ləb­lə­ri­nə tam ca­vab ver­mir. Afad Qurbanov yeni əlifbanın yaradılmasında latın qrafikasının əsas xüsusiyyətlərini şərh etmişdir. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçilməsi, onun Azərbaycan dilinin ədəbi dil xüsusiyyətlərinə uyğun gəlməsi Afad Qurbanovun təşəbbüsü sayəsində əlverişli sayılmış və müsbət əhəmiyyəti ictimaiyyətə çatdırılmısdır. Xüsusilə, bir neçə əlifba sis­temindən bəhrələnən Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin yazısını lazımi dərəcədə təmin edən Müasir Azərbaycan əlifbasından  ̶ latın əlifbasından istifadə etməyin zəruri tərəflərini və beynəlxalq əhəmiyyətini qeyd etmişdir.

Bu dövrdə yeni əlifba ilə bağlı bir sıra versiyalar irəli sürülsə də görkəmli dilçi alim A.Qurbanov latın qrafikalı Azərbaycan əlifbasını daha məqsədəuyğun hesab etmiş və onun təklifləri müzakirə olunmuşdur. A.Qurbanov  latın qrafikalı əlifbanın müxtəlif variantlarını hazırlamış və bu variantları hazırlayarkən beynəlxalq təcrübəni əsas götürmüşdür. Alimin hazırladığı əlifba Azərbaycan dilinin xüsusiyyətləri ilə  sıx bağlıdır.  A.Qur­ba­no­vun ha­zır­la­dı­ğı əlif­ba la­yi­hə­si Azər­bay­can Əlif­ba Ko­mis­si­ya­sın­da ge­niş şə­kil­də onun rəh­bər­li­yi ilə mü­za­ki­rə olun­muş­dur.  Müzakirə zamanı Azərbaycan Əlifba Komissiyasının sədri  Afad Qurbanovun hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan dilinin əlifbasında yazı üçün 32 hərf öz əksini tapır. Qeyd olunan hərflərdə müasir Azərbaycan ədəbi dilinin fonetik xüsusiyyətləri nəzərə alınmışdır. Ümum­xalq sər­və­ti olan bu­gün­kü əlif­ba xal­qı­nı də­rin­dən se­vən,  gör­kəm­li dil­çi­miz aka­de­mik Afad Qur­ba­no­vun el­mi və ic­ti­mai fəa­liy­yə­ti­nin bəh­rə­si ki­mi Azər­bay­can xal­qı­na ən bö­yük töh­fə­lə­rin­dən bi­ri­dir. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanunun qüvvəyə minməsi haqqında 34 saylı qərarla ölkəmizdə rəsmi olaraq latın qrafikalı əlifbaya keçildi. 1991-ci ilin dekabrında Afad Qurbanovun tərtib etdiyi  latın qrafikalı əlifba rəsmi olaraq qəbul edilmiş və yeni latın qrafikalı əlifbaya keçid ilk dəfə ölkəmizdə reallaşmışdır.  Müstəqilliyin ilkin dövründə istedadlı alim, bacarıqlı təşkilatçı olan A. Qurbanov bütün qüvvə və səylərini xalqın arzu və istəyi olan Azərbaycan əlifbasının latın qrafikasına keçməsinə həsr etmişdir.

Əlifba layihəsi qəbul edilən zaman Ə ə hərfi  Ä ä  şəklində yazılmışdır. Qəbul edilmiş  ilkin layihədə bu  hərfin  oxunuşu bir neçə il işlədilmiş, sonra isə Ə ə olduğu kimi saxlanılmışdır.  Qəbul edilmiş əlifbada qrafika problem də A. Qurbanovu düşündürmüşdür. Dilin ayrı-ayrı səslərinin yazıda hərflərlə əksolunma forma və üsulları  qrafik sistemi təşkil edir. Qrafik sistem hərflərdən və yazıda istifadə olunan digər işarələrdən ibarət olsa da,  qrafikanın əsasını əlifba təşkil edir. Lakin əlifbanın tərkibi dəyişən kimi yazının qrafik sistemi də müxtəlifləşir yəni, əlifba ilə qrafika bir-birinin eyni olmasa da, bir-birinə çox yaxındır.  Qeyd edilir ki, qrafika əlifbadakı bu və ya başqa bir hərfin hansı fonemi bildirdiyini və necə oxunduğunu müəyyənləşdirir. Bir sıra dillərin əlifbalarında işlənən eyni formaya malik şərti işarələr – hərflər işləndiyi əlifbalarda müxtəlif dillərin eyni, yaxud yaxın fonemlərini bildirir. Deməli, qrafika əlifba ilə, əlifba isə yazı ilə bağlıdır. Bu nəzərə alınaraq müəllif tərəfindən  Azərbaycan əlifbasındakı  hərflərin dildəki fonemləri nə dərəcədə əks etdirdiyi və hər bir hərfin hansı vəzifə daşıdığı da aydınlaşdırılır. Qeyd edir ki, Azərbaycan əlifbasında hərflər quruluşuna görə həm kiçik, həm də böyük olur. Həmçinin hərflərin çap və əlyazısı formaları da mövcuddur. Azərbaycan hərflərinin çap forması ilə əlyazısı şəkli bir-birindən az-çox fərqlidir.  Bütün bunlar xarakterizə edilərək yazılır ki, bir sıra başqa yazılarda olduğu kimi, Azərbaycan yazısında da hərflərin çap şəkillərini fərqləndirmək və oxumaq çox asandır. Sözləri yazarkən çox zaman qələmin ucunu qaldırmaq lazım gəlmir. Bu da, əlbəttə, əlifbamızın müsbət əlamətlərindəndir. Azərbaycan əlifbasının əlyazması şəklində bəzi hərflər özündən əvvəl və sonra gələn hərflə bitişir. Söz tərkibində əksər hərflər bitişdirilərkən eyni qaydaya tabe olur. Bəziləri isə ümumi qaydadan fərqlənərək müstəsnalıq təşkil edir. Hərflərin asan şəkildə bir-biri ilə bitişməsi məhz sürətli yazmağa imkan verir və yazının estetik keyfiyyətini daha da artırır.

Göründüyü kimi, qəbul edilmiş əlifbada hərflərin yazılışı, sürətli yazılma formaları, hətta yazının estetik gözəlliyi də nəzərə alınmışdır. Bununla yanaşı Azərbaycan dilinin səsləri ilə əlifbasındakı hərfləri miqdarca müqayisə edilmiş,  dilimizdəki səslərin sayı çox, əlifbamızdakı hərflərin miqdarı isə azlığı da təyin edilmişdir. Bunun səbəbi ilə bağlı  qeyd edilir ki, əgər əlifbamızda dilimizdəki bütün səslərin çalarlıqlarına aid hərf olsa idi, onda yazımız ağırlaşar, oxumaq və yazmaq işi olduqca çətinləşərdi. Qəbul edilmiş əlifbada sait səslərin və samit səslərin  əks olunmasi formaları da müəyyənləşdirilmişdir. 

Qeyd etmək lazımdır ki, hazırkı latın qrafikası dilimizin fonetik quruluşunu uğurla ifadə etdirməsi  ilə  seçilir və dilimizin bütün fonemlərini əks etdirir. Ölkəmizdə  hazırda istifadə olunan  Azərbaycan əlifbası Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü,  Türk dil qurumunun üzvü, Əmək­dar elm xa­di­mi, Döv­lət mü­ka­fa­tı lau­rea­tı, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Afad Qur­ba­novun adı ilə bağlıdır.

Qəbul edilmiş əlifbanın  tətbiqi problemlərinin həllində,  beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanının mühüm rolu olmuşdur.

Fərmanda digər məsələlərlə yanaşı, Azərbaycan dilçiliyinin inkişafında durğunluğun müşahidə olunması, latın qrafikasının bərpa edilməsi barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət  keçməsi qeyd edilir. Göstərilən qüsurları aradan qaldırmaq üçün mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdu və həmin proses hazırda davam etməkdədir. Fərmanda, eyni zamanda, latın qrafikalı əlifbaya keçilməsini başa çatdırmaq haqqında göstəriş verilmişdir.

Bu  Fərmanının 9-cu maddəsində yazılırdı: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki,  ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin; 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni fərman  imzalandı. Həmin fərmanda yazılır: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin.

Bununla da 2001-ci il avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman verilmiş,  on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edilmiş və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, mədəniyyətimizin tarixində mühüm hadisə olmuşdur. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur. Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Heydər Əliyev tərəfindən “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında”  prezident fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir.

Bu gün rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz qüdrətlə, təntənə ilə səslənir. Azərbaycan ədəbi dilinin hərtərəfli inkişafı, elmin müxtəlif sahələri ilə bağlı ana dilində əsərlərin yazılması, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, ümummilli lider Heydər Əliyevin fəaliyyəti və onun yürütdüyü dil siyasətinin davam etdirilməsi ilə bağlıdır. Dövlət dili dövlətçiliyimizin əsas atributlarının ayrılmaz hissəsidir. Heydər Əliyevin qeyd etdiyi kimi, inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi      kimi qorumalıdır. Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvoludur. Əsrlərdən bəri xalqımızı yaşadan, onu bir xalq kimi təsdiq edən, varlığımızın və bütövlüyümüzün təcəssümü olan ana dilimizi qorumaq, bütün incəlikləri ilə gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Professor Sayalı Sadıqova
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini