Bakı sakini Pərviz Əzimov yaşadığı binadan şikayətçidir.

İqtisadiyyat.az xəbər verir ki, Baş Prokurorluq məsələ ilə bağlı açıqlama yayıb: 

“Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb.

Bildirilir ki, qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Qayğı" Mənzil Tikinti Kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilmiş və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir. Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur”.

 

***

10:43

İqtisadiyyat.az xəbər verir ki, adıçəkilən vətəndaş yaşadığı binanın problemlərini “feysbuk” platformasında ictimailəşdirib. O, Xətai rayonu, Ceyhun Həsənov 81 ünvanında yeni tikilmiş binadan mənzil aldıqlarını və aldıqdan sonra binada problemlərin artdığını bildirib: “Evi 2022-ci ildə almışam. Orada təmirsiz mənzilin bir kvadrat metrinin qiyməti təxminən 1100-1400 manat arasında dəyişir. Mənim mənzilim 138 kv/metrdir. Cüzi endirimlə mənzil mənə təmirsiz halda 145000 manata başa gəlib. O vaxt cüzi problemlər vardı. Sonra yaşadıqca, problemlər artmağa başladı. Birinci əsas problem qrunt sularıdır. Zirzəmidə, parkinq hissədə qrunt suları yığılır. Bu da divarların erroziyasına səbəb olur. Bundan əlavə yağış suları da zirzəmiyə tökülür. Bunun da nəticəsində rütubət çoxalır. Zirzəmidə və digər yerlərdə çirkab var. Bina rəhbərliyi tədbir görmür. Hamısı yığılıb qalır orada. Üfunətdən dayanmaq olmur”. 

P.Əzimov binanın problemləri ilə bağlı müvafiq qurumlara müraciət etdiklərini desə də, nəticəsiz qalıb:

“Binada təhlükəsizlik təmin olunmayıb. Nə damafon var, nə qarajın qapısı var. Gecə girib görürsən ki, 10-15 it var. Elektrik şitlərinin 90%-i açıqdır, bəzi elektrik naqillərinin üstü açıqdır. Sahibsiz, yaxud hələ təmir olunmamış mənzillərin pəncərələri güclü külək əsəndə sökülüb tökülür yerə. Bina Baş prokurorluğun sifarişi ilə prokurorluq əməkdaşları üçün tikilib. Mən özüm də evi bir müstənqidən almışdım. Biz bu problemlərlə bağlı həm prokurorluğa, həm Fövqəladə Hallar Nazirliyinə, həm İcra hakimiyyətinə, həm Prezident Aparatına – bir sözlə hər yerə müraciət etmişik. Hələ ki, nəticəsi yoxdur”.

Qeyd edək ki, bina "Qayğı" MTK tərəfindən tikilib. Vətəndaş şikayəti ilə bağlı "Qayğı" MTK ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://www.facebook.com/Pervizazimov/videos/648261636776349/?t=0