Amerikalı sahibkar və milyarder İlon Mask Böyük Britaniyada baş verən kütləvi iğtişaşlar fonunda ölkədə vətəndaş müharibəsinin qaçılmaz olduğunu bəyan edib. 

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Britaniya şəhərlərindəki etiraz aksiyalarının videolarından birinə münasibət bildirən iş adamı, "Vətəndaş müharibəsi qaçılmazdır", - deyə yazıb.

Dünən britaniyalı deputat və müxalif Mühafizəkarlar Partiyasının liderliyinə namizəd Priti Patel Böyük Britaniyada uşaqlara bıçaqla hücumdan sonra baş verən iğtişaşlara görə tətildə olan parlamenti çağırıb.  

Avqustun 3-də Britaniyanın Sanderlend şəhərində sağçı radikal qrupların yüzlərlə nümayəndəsinin küçə iğtişaşları təşkil etdiyi bildirilib.

İyulun 29-da Sautportda naməlum şəxs bıçaqla bir qrup şəxsə hücum edib. Hücumun qurbanı uşaqlar olub. Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi həbs edib. Daha sonra hücumla bağlı etiraz aksiyası zamanı ifrat sağçı İngiltərə Müdafiə Liqasının tərəfdarları polislə toqquşub.