"Rusiya və İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını istəmir".

Bu sözləri son günlər Ermənistan silahlı qüvvələrinin ərazilərimizi atəşə tutmasının və  nisbi sakitçiliyi bilərəkdən pozmasının səbəblərini şərh edən  Silahlı Qüvvələrin istefada olan zabiti, hərbi ekspert Tərlan Eyvazov İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sülh və sabitlik çərçivəsində yaşamasını istəməyən qüvvələr bilərəkdən sərhəddə gərginlik yaradırlar:

"Azərbaycan-Ermənistan sərhədində yaşanan çaxnaşmalar Rəsmi İrəvanın günahı ucbatından baş verir. Ermənistanın atəşkəsi pozmasının səbəbi onu göstərir ki, İrəvanın daxilində bir sabitlik yoxdur. Ermənistanın silahlı qüvvələrinin arasında Rusiyaya meylli olanların sayı kifayət qədər çoxdur. Ermənistanın hazırkı hakimiyyəti Azərbaycanla sülh müqaviləsini imzalamaqla, Türkiyə və digər qonşularla dinc şəraitdə yaşamaq istəyir. Lakin Ermənistanda bunu istəməyən daxili və xarici qüvvələr var. Bu xarici qüvvələr Rusiya və İrandır". 

Azərbaycanın bütün təxribatlara cavab vermək iqtidarında olduğunu vurğulayan ekpert qeyd edib ki, İndiki gərginlikdə uduzan tərəf Ermənistan olacaq:

"Naxçıvan ərazisində İran və Hindistan mütəxəssislərinin köməyi ilə obyekt inşasına başlanılıb. Bu obyekt Azərbaycanla sərhədin olduqca yaxınlığında yerləşir. Beynəlxalq qanunlara görə, sərhəd yaxınlığında iş görülürsə, qarşı tərəf bu barədə məlumatlandırılmalıdır. Azərbaycan tərəfi məlumatlandırılmayıb və izahat verməklə bağlı tələbinə atəşlə cavab verilib. Araz çayı yaxınlığında baş verən atəşkəs pozulmasında ölkəmiz adekvat cavab verib. Ötən gün isə Ermənistan tərəfindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Atəşkəsin Ermənistan tərəfindən pozulması açıq şəkildə etiraf olunub. Bu, indiki məqamda Paşinyan hakimiyyətinə sərf etməyən gedişlərdir. Bütün hallarda Azərbaycan təxribatlara qarşı susmayacaq və lazımi tədbirlər görəcək".

Gülşən Şərif