"Ərdoğanın Bakıya səfəri türk coğrafiyası, o cümlədən Yaxın və Orta Şərq üçün çox maraqlı hadisədir". 

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərini şərh edən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, Türkiyə prezidentinin andiçməsindən 10 gün keçməmiş ölkəmizə səfəri iki ölkənin münasibətini bir daha sübut edir:

"Ümumiyyətlə, İkinci Qarabağ savaşı zamanı Türkiyə və Ərdoğanın komandası  Azərbaycanın yanında oldu. Bu, siyasi, diplomatik və mənəvi baxımdan Azərbaycan üçün həlledici amillərdən biri idi. Ərdoğanın Şimali Kipr səfərindən sonra ikinci görüşünü Azərbaycanla etməsi ciddi məqamlardan xəbər verir. Bu gün Orta Dəhlizlə bağlı çox böyük layihələr icra olunur. Azərbaycan bütün dünyaya, o cümlədən Avrasiya geosiyasətinin formalaşmasında mühüm rola sahib olan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təklif edib. Azərbaycan və Türkiyə prezidentləri ortaya təşəbbüs qoyaraq "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (TDƏŞ) təsis etdilər. Təşkilatın hazırda t 5 üzvü var. Bu üzvlərə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə daxildir. Təşkilat böyük bir coğrafiyanı öz təsiri altına alıb. Eyni zamanda təşkilat 300  milyondan artıq insanı birləşdirir.  Şura türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Heç şübhəsiz ki, Orta Dəhlizə marağın artmasında Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir. Orta Dəhliz dünya düzəninin yenidən formalaşdırılması prosesində sözünü demək iqtidarına malikdir". 

Ekspert əlavə etdi ki, Azərbaycan və Türkiyə gələcəkdə Cənubi Qafqazda sülhün və sabitliyin təminatı prosesində əllərindən gələni edəcəklər. Azərbaycan və ya Türkiyəyə qarşı hansısa təhdid yaranacağı təqdirdə təhlükəyə qarşı birgə mövqe sərgilənəcək:

"Türkiyə prezidentinin hazırkı səfəri bu prosesin tərkib hissəsidir və tarixi bir hadisədir. İstisna etmək olmaz ki, bu səfər çərçivəsində bir sıra ciddi məqamlar olacaq. Bu baxımdan Ərdoğanın səfəri çox önəmlidir. Bu səfər  türk coğrafiyası, o cümlədən Yaxın və Orta Şərq üçün çox maraqlı hadisədir. Hazırda dünyanın maraqları Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə yönəlib". 

Gülşən Şərif