Azərbaycan iqtisadiyyatının 2021-ci ilin ilk üç rübündə sürətli bərpası təmin edilib. 

Bu, Asiya İnkişaf Bankının (ADB) “Asiyanın İnkişaf Perspektivləri” hesabatının dekabr buraxılışında öz əksini tapıb.

Bildirilib ki, iqtisadiyyatın möhkəmlənməsi 2021-ci ilin yekun ÜDM-də də artım proqnozuna əsas verib. 2021-ci ilin ilk doqquz ayında Azərbaycanda istehsalatda sürətli artım qeydə alınıb. Vurğulanıb ki, qlobal səviyyədə enerjiyə tələbin bərpası neft qiymətlərinin artması ilə hasilata da təkan verəcək. 

Region üzrə inflyasiya proqnozu 2021-ci il üçün 7,7 faizdən 8,6 faizə, 2022-ci il üçün isə 6,7 faizdən 7,3 faizə yüksəldilib. Bölgə üzrə ən aşağı inflyasiya göstəricisi Azərbaycanda qeydə alınıb. Ölkə üzrə inflyasiya 5,7 faiz olaraq qiymətləndirilib. Ermənistanda inflyasiya 2021-ci ilin ilk 10 ayında 6,9 faizə, Gürcüstanda isə qlobal ərzaq və neft qiymətlərin, kommunal xidmət tariflərinin artması nəticəsində 12,8 faizə qədər qalxıb. Qazaxıstanda 2021-ci ilin ilk 10 ayında orta inflyasiya 7,9 faiz olub. Tacikistanda isə inflyasiya 2021-ci ilin ilk doqquz ayında mövsümi amilləri və pandemiya ilə bağlı xarici şoklarını əks etdirərək 9,6 faizə çatıb.