Dünya Bankının sədri David Malpass Ukraynaya 1,5 milyard dollarlıq yeni dəstək paketi hazırladıqlarını açıqlayıb.

BVF-Dünya Bankının Bahar Görüşlərindən əvvəl Malpass Polşanın Varşava İqtisadiyyat Məktəbində “İnkişaf, təhlükəsizlik və sabitlik problemlərinin həlli " mövzusunda çıxış edib. 

Dünya Bankının Ukraynada kritik xidmətlərin təmin edilməsinə kömək etdiyini bildirən Malpass, Bankın əsas dövlət xidmətlərinin davamlılığını dəstəkləmək üçün Ukrayna üçün təxminən 1,5 milyard dollarlıq bir paket hazırladığını qeyd edib. 

Dünya Bankı 1944-cü ildə İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpasına kömək etmək üçün yaradılıb. Biz o vaxt etdiyimiz kimi, vaxtı gələndə Ukraynaya bərpa işlərində kömək etməyə hazır olacağıq.

Ukraynadakı müharibənin qlobal təsirlərini, o cümlədən ərzaq və enerji qiymətlərindəki artımı təhlil etdiklərinə diqqət çəkən Malpass, inkişaf etməkdə olan ölkələrə dəstək verəcək bir “böhran reaksiyası” hazırladıqlarını ifadə edib. 

Dünya Bankı mart ayında Ukrayna üçün ümumilikdə 923 milyon dollar maliyyələşdirməni təsdiqləyib.