Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin sahibkarlıq subyektlərinə müraciətində bildirilir.

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və yaxud ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi keçirilən sınaqların müsbət nəticələri əsasında təsdiq edilir və tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar Dövlət reyestrinə daxil edilir.