Bakı-Quba yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində baş verən qəzada yaralananların durumu açıqlanıb.

TƏBİB-dən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb. 

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.