İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gündən 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır. Onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir. Gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək. Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun vətəndaş qəbulu bu gün saat 09:00-da Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında keçiriləcək. Nazir Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Bu gün saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır. "Siz qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərinizi edə bilərsiniz" - məlumatda bildirilib.

Bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalı “Buta Airways” və bir sıra xarici aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa edir. Saat 00:00-dan etibarən aviaşirkətlər Bakı hava limanının 2-ci terminalına və bu terminaldan növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək. Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalına və bu terminaldan yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu barədə əlavə məlumat veriləcək.

Türk Hava Yolları bu gün İtaliyanın Milan və Berqamo şəhərlərindən İstanbula planlaşdırılan uçuşların ləğv edildiyini açıqlayıb. Məlumata görə, buna İtaliyada elan edilən tətillər səbəb olub.

Futbol üzrə Azərbaycan U21 millisi bu gün “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibə ilə bağlı parlament komissiyasının bu gün keçiriləcək iclasında iştirakdan imtina edib. Müxalifət parlament çoxluğunun iştirakı ilə yaradılmış komissiyanı öz hökumətinin əməllərini düzgün araşdıra bilməyəcəyini əsas gətirərək belə bir qərar qəbul edib.

Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri bu gün görüşəcək. 4 nümayəndə heyətinin ilk görüşündə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün atılacaq konkret addımlar müzakirə olunacaq.

Nato Baş katibi Stoltenberq bu gün “Air Defender 23” təlimində iştirak edəcək.

Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq. Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Mərhələnin ən yüksək reytinqli ikinci komandası olan Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.