Azərbaycanın bu ilin yanvar-may ayları ərzində ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda qeyd olunub.

Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. Cari ilin yanvar-may ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8%, meyvə-tərəvəz ixracı isə 10,4% artıb.

Bu dövrdə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 349,1 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8% artaraq 92,2 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  elektrik enerjisi (313,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (91,5 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (57,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin yanvar-may ayları ərzində Türkiyəyə 464,6 milyon ABŞ dolları, Rusiyaya 404 milyon ABŞ dolları, Gürcüstana 161,2 milyon ABŞ dolları, İsveçrəyə 53 milyon ABŞ dolları, Qazaxıstana isə 47,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.