2024-cü il iyulun 1-nə görə, Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 253 nəfər "Xalq" fəxri adına görə, 4 560 nəfər isə "Əməkdar" fəxri adına görə təqaüd alır. Bundan başqa, 333 nəfərə fərdi təqaüd verilir.

Bildirilib ki, şəhid ailəsi olduğu üçün təqaüd alanların sayı 18 493 nəfərdir.

Komitənin məlumatına görə, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları olan 180 nəfər, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları olan 177 nəfər, 20 Yanvar şəhidinin ailəsi üçün olduğuna görə 89 nəfər bu təqaüddən yararlanır.

Ölkədə hazırda 21 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçısına Prezident təqaüdü verilir.

O cümlədən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 231 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrindən 31 nəfər sözügedən təqaüdü alır.

Müharibə ilə əlaqədar əlilliyi olan 19 858 nəfər Prezident təqaüdü alır. Onlardan 14 526 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. 2 819 nəfər Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan, 2 513-ü isə Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180 354 nəfər, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri olan 3 740 nəfər Prezident təqaüdü alır.

Komitənin məlumatında o da qeyd edilib ki, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 52 227 nəfər, gözdən əlilliyi müəyyən edilmiş 13 188 nəfər də həmçinin təqaüd alır.

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən 44 061 nəfər də bu təqaüdü alır.

Məlumatda o da vurğulanıb ki, elmlər doktoru elmi dərəcəsi olan 229 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi olan 1522 nəfər sözügedən təqaüdü alır.