Ermənistan metallurgiya zavodunu düz Azərbaycan sərhəddində, hətta son nöqtədə, Sədərək rayonunun yanında tikmək istəyinin birinci məqsədi- zəhərli zavodun hava və su kirlənməsini özlərindən uzaqlaşdırmaq və açıq şəkildə Naxçıvan MR ərazisini zəhərləməkdir.

İqtisadiyyat.az xəbər verir ki, Sədərək sakini Emin Hüseynzadə Ermənistanın zavodu məhz Arazdəyəndə inşa etməsinin maraqlı səbəblərini açıqlayıb.

Emin Hüseynzadənin sözlərinə görə, nəinki Sədərək sakinləri bütövlükdə Naxçıvan əhalisi zavodun tikintisin əleyhinədir. Çünki zavod tikilərsə on minlərlə əhalidə onkoloji xəstəliklər artacaq, Araz çayı və Şir arxının flora və faunası məhv olacaq, 313 köçəri quş növünün "Araz quş cənnəti" qoruğundan yoxa çıxmasına gətirib çıxaracaq:

"Ermənistanda beynəlxalq ekoloji vəziyyətin araşdırılması qrupu göndərilməli, Sədərək rayonu əhalisinin də maraq və fikirləri diqqətə alınmalı, dəyəcək zərərin Ermənistandan alınması mexanizmi beynəlxalq sənədlə təsdiqlənməlidir. Əks halda zavodun tikintisi dayandırılmalıdır."

 

 

Emin Hüseynzadə deyir ki, Ermənistan tərəfindən atəşin məhz iyunun 13-ü məktəblilərin buraxılış gününə hazırlıq məşqi zamanı və iyunun 14-ü məhz 11-ci siniflərin buraxılışı zamanı məktəbliləri və onların valideynlərini, ümumiyyətlə Sədərək rayonunda əhalinin gələcəyinə görə qorxutmaq məqsədi daşıyıb:

"Bu travma uşaqlarda illərlə davam edəcək. Sədərək rayonunda həmin vaxt 4 məktəbdə buraxılışla bağlı kütləvi tədbirlər keçirilirdi. Bu açıq şəkildə dünyaya bəyan olunmalıdır. Uşaqları qorxutmaq, atəş açmaq heç bir qaydalara sığmır."

Emin Hüseynzadə bildirir ki, metallurgiya zavodunun "xarici"investisiya ilə məhz sərhəddə tikilməsinin əsas məqsədi iqtisadi deyil, siyasidir. İstənilən atışmanın güya zavoda qarşı, istənilən etirazın, o cümlədən 100% zəhərli olması ilə bağlı, Ermənistanın "inkişafına" qarşı olduğunu deyəcək və silah kimi istifadə edəcəklər. Halbuki sədərəklilərin həyatı və sağlamlığı hesabına bu alət ümumiyyətlə Azərbaycan sərhədində deyil Ermənistan daxilində qurulmalıdır. Siyasi oyuncaq olan zavoda bu gün səfirliklərdən adamların gətirilməsi cavabsız qoyulmamalıdır. Azərbaycanda olan səfirliklər Naxçıvan MR-ya səfərə dəvət oluna bilər. Ziyan çəkəcək bizik və tikilsə bu nəsillərin məhvinə gətirib çıxaracaq" - deyə yerli fəal qeyd edib.