Pakistanda iyulun əvvəlindən güclü musson yağışları və onların törətdiyi hadisələr nəticəsində ölənlərin ümumi sayı 209-a çatıb, zərərçəkənlərin sayı isə təxminən 10 min nəfər olub.

İqtisadiyyat.az “THE Express Tribune”yə istinadən xəbər verir ki, fəlakət qurbanlarının ən çoxu Pəncab əyalətində qeydə alınıb. Orada son 24 saat ərzində ölənlərin sayı 14 nəfər artaraq 84 nəfərə yüksəlib.

Bildirilib ki, daşqınların kəndləri su altında qoyduğu, 1 minə yaxın evin tamamilə və ya qismən dağıldığı, nəqliyyat yollarının zədələndiyi və elektrik təchizatının kəsildiyi Sind, Bəlucistan və Xayber Paxtunxva əyalətlərindən ölüm xəbərləri artmaqdadır.

Qeyd olunub ki, Sukkurun cənub bölgəsində normal həyat iflic olub.

Ölkənin Fövqəladə Hallar Mərkəzi Himalay dağlarının ətəklərindəki buzlaq göllərindəki bəndlərin sıradan çıxması səbəbindən kütləvi sürüşmə və daşqınların mümkün olduğu Pakistanın şimalında növbəti bir neçə gün ərzində güclü leysanların davam edəcəyi barədə xəbərdarlıq edib. 

 

Sadiq Cavadov