Qatar Airways Cənubi Afrikanın özəl regional aviadaşıyıcısı Airlink-də 25% pay alır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qatar Airways iki aviaşirkətin rəhbərləri arasında Dohada keçirilən görüşün yekunlarına dair açıqlamasında məlumat verib.

"İnvestisiya müqaviləsi Qatar Airways-in Afrikanın iqtisadi və biznes potensialının açılmasında əsas oyunçu kimi mövqeyini gücləndirəcək", - deyə məlumatda qeyd edilib. 

Öz növbəsində, Airlink-in baş direktoru Rocer Foster bildirib ki, saziş Cənubi Afrika aviaşirkətinin xidmət göstərəcəyi reyslərin və istiqamətlərin sayının artırılmasını nəzərdə tutur.

"Qatar Airways-in sərmayəsi bizə kontinental uçuşlara xidmət göstərməyə başlamağa imkan verəcək", - deyə Foster yerli EWN radiostansiyasına söyləyib.

Hazırda Airlink yalnız Afrika bazarında fəaliyyət göstərir, onun təyyarələri qitənin 15 ölkəsinin 45 şəhərinə uçur.

Airlink investisiya fondları da daxil olmaqla beş sahibin nəzarətində olan özəl şirkətdir. Şirkətin səhmləri birjada sərbəst satılmır. Maliyyə tərəfi açıqlanmayan sövdələşmə hələ də hər iki ölkənin milli tənzimləyicilərinin təsdiqini tələb edir.

Airlink sərnişin həcminə görə Cənubi Afrikanın ikinci ən böyük aviaşirkətidir.