İraq Prezidenti Əbdüllətif Camal Rəşid bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədovu qəbul edib.

İqtisadiyyat Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, qəbulda Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə genişləndiyi vurğulanıb.

Görüşdə Azərbaycan-İraq tərəfdaşlığının yüksələn xətlə inkişaf etməsindən məmnunluq bildirilib, iki ölkə arasında iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib.

İqtisadi-ticari, enerji, qeyri-neft-qaz, turizm və digər sahələrdə daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin potensialının olduğu qeyd edilib. Azərbaycan nümayəndə heyətinin səfəri zamanı müzakirə edilən məsələlərin ölkələr arasında effektiv işbirliyinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

***

11.59

Azərbaycan və İraq arasında iki ölkənin iqtisadi potensialının reallaşdırılması imkanları müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə Prezident Əbdüllətif Camal Rəşidin qəbulunda olduq. Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə inkişaf etdiyi vurğulandı və mövcud iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirildi", - deyə o qeyd edib.