Son vaxtlar İranla İsrail arasında gərginlik regionda sabitliyi də təhlükə altına atır. Bunun təkcə bölgə üçün yox, eləcə də dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirlərlə nəticələnəcəyi istisna deyil. 

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov İqtisadiyyat.az-a açıqlamasında İran-İsrail hərbi münaqişəsinin böyüyərək daha geniş müstəviyə keçib-keçməmə ehtimalını dəyərləndirib.

Onun sözlərinə görə, tərəflər arasında münaqişənin böyüyərək daha geniş müstəviyə keçməsi Qərbin və ilk növbədə ABŞ-nin bunu istəyib-istəməməsindən asılı olacaqdır: "Hesab edirəm ki, indiki mərhələdə münaqişənin genişlənməsi gözlənilən deyil. İran bu gün bir İslam şiə dövləti olaraq bölgədə həm də Qərbin müəyyən istəklərinə uyğun fəaliyyət göstərir. Lakin İranın Qərb üçün bu misiyası başa çatdıqdan sonra Qərb onun fətvasını verəcək. Bu isə yaxın 4-5 ildən tez baş verməyəcək".

Professor vurğulayıb ki, əgər İran-İsrail hərbi toqquşması genişlənib daha böyük bir müstəviyə keçərsə, bu, regionun bütün ölkələrinə ciddi təsir göstərə biləcək: "Müharibə baş verərsə, İranda yaşayan 85 milyon insanın bir hissəsi digər ölkələrə üz tutacaq. Bu sırada Azərbaycan da əsas məkanlardan biri olacaq. Odur ki, biz bölgədə belə bir hərbi münaqişənin olmasını istəmirik. Bölgədə genişmiqyaslı hərbi əməliyyatlar neft-qaz ölkəsi olan Azərbaycan və İranın iqtisadiyyatına ciddi əngəllər yaşada bilər".

Yaxın Şərq məsələləri üzrə ekspert Kənan Rövşənoğlu isə İqtisadiyyat.az-a açıqlamasında indiki halda İran və İsrail arasındakı gərginliyin ciddi təsirlərinin olacağını düşünmədiyini söyləyib:

"Ancaq İsrail İrana hücum edərsə və iki ölkə arasında müharibə olarsa, o zaman, əlbəttə, təkcə Azərbaycan deyil, bütünlükdə Yaxın Şərq regionu ciddi zərər görə, sözün həqiqi mənasında fəlakət yaşaya bilər. Bu mənada indidən nəsə demək tezdir. Ancaq dediyim kimi, müharibə böyüyərsə, o zaman ölkəmiz ciddi zərər görə bilər. Müharibə böyük ölçüdə qaçqınlar ordusunun yaranmasına gətirib çıxara və ciddi problemlərə səbəb ola bilər".

Sadiq Cavadov