Dolların qlobal hesablaşmalarda xüsusi çəkisi kəskin azalıb. Beynəlxalq Banklararası Məlumat Transferi və Ödəniş Sisteminin (SWIFT) məlumatına görə, dolların payının azalmasına baxmayaraq, Amerika valyutası qlobal ödəniş sistemində ən populyar valyuta olaraq qalıb. Azərbaycanda da ticarət dövriyyəsində dollarla ödənişlərin həyata keçirildiyini nəzərə alsaq, bu valyutanın xüsusi çəkisinin azalması onun daxili bazara təsirləri ilə bağlı müəyyən suallar yaradır.

Qlobal ödənişlərdə Amerika valyutasının payının azalması Azərbaycanda dollar və manat münasibətlərinə necə təsir göstərəcək?

İqtisadiçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünyada dolların ödəniş sistemində payının azalması avro ilə ticarətin artması ilə konpensasiya olunur.

Onun sözlərinə görə, dünyadakı ticarət sövdələşmələrinə nəzər yetirdikdə, dollarla ticarət müqavilələrinin kəskin azaldığını görmək mümkündür: "Bu, Rusiyanın dollarla ticarət aparmasına ciddi qadağanın tətbiq edilməsi ilə əlaqədardır. Həmçinin Çin də müəyyən sanksiyalara görə bəzi hallarda yuandan istifadə etməyə başlayıb. Ona görə də son zamanlar dünyada avro ilə ticarət dövriyyəsinin dollara nisbətən artdığı müşahidə edilir".

Azərbaycanın dollarla ticarət edən ölkə olduğunu xatırladan ekspert bildirib ki, həm neft, həm də qaz sahəsində müqavilələr dollarla bağlanıb. N.Cəfərli söyləyib ki, buna baxmayaraq Azərbaycanda dollar-manat münasibətlərinə qlobal məsələlərin heç bir təsiri yoxdur:

"Çünki bizdə manat inzibati qaydada tənzimlənir. Yəni Mərkəzi Bankla hökumətin inzibati qərarı ilə sabit məzənnə rejimindəyik. Ona görə də məzənnədə baş verən dəyişikliklər hökumətin inzibati qərarından asılıdır. Hələlik, yaxın vaxtlarda məzənnənin dəyişəcəyini düşünmürəm. Bundan əlavə manatın möhkəmlənməsi, yəni dolların ucuzlaşması Azərbaycan iqtisadiyyatında onsuz da qeyri-mümkündür. Ümumilkdə, bu il ərzində manatın ucuzlaşmasını və yaxud da devalvasiyanın olacağını da düşünmürəm. Amma bu, o demək deyil ki, gələcək illərdə belə addım atılmayacaq. Əksinə hesab edirəm ki, 2025-ci ilin sonu 2026-cı ilin əvvəllərinə yaxın devalvasiya, yəni manatın məzənnəsi ilə bağlı inzibati qərarlar qəbul oluna bilər".

Qeyd edək ki, Beynəlxalq Banklararası Məlumat Transferi və Ödəniş Sisteminin məlumatına görə, bu ilin fevral ayında dolların qlobal hesablaşmalarda xüsusi çəkisi 46,56%-dək azalıb. Bu rəqəm ötən ilin iyulundan bəri ən aşağı göstərici olub. Yanvar ayı ilə müqayisədə fevralda əldə olunan nəticə isə 0,08 faiz bəndi azalıb.

Sadiq Cavadov