Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili qarşıdakı prezident seçkilərində namizəd olmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.

“Mən Bidzina İvanişvilinin prezident seçkilərində iştirak edəcəyini tamamilə istisna edirəm. Yadda saxlayın ki, o, heç bir vəzifədə maraqlı deyil və bunu keçmişdəki hərəkətləri ilə sübut edib. Onu yalnız öz ölkəsinin rifahı maraqlandırır”, - deyə Mdinaradze jurnalistlərə bildirib.

O həmçinin vurğulayıb ki, İvanişvili qarşıdakı parlament seçkilərinin əhəmiyyətinə görə yalnız partiyanın siyahısına rəhbərlik edib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib ki, parlament seçkilərindən sonra müxalifət ölkədə kütləvi iğtişaşlar törətməyə cəhd edəcək. O, bunun əlaməti kimi müxalifətin “Gürcü Arzusu”nu guya seçki nəticələrini saxtalaşdırmaqda mütəmadi olaraq ittiham etməsini göstərib.