1 sentyabr tarixli növbədənkənar parlament seçkiləri arxada qaldı. Budəfəki seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə apardı. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Yekun nəticələrə Konstitusiya Məhkəməsi nöqtə qoyacaq. 

Yeddinci çağırış Milli Məclisin üzvü olacaq deputatların nə qədər maaş alacağı maraq doğuran məsələlər sırasındadır.

Modern.az-ın məlumatına görə, hələ 2022-ci ildə "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna olunan dəyişiklik deputatların maaşını da əhatə edib. 

Belə ki, dəyişikliyə əsasən, deputatların maaşı 43% artırılıb, onlara aylıq maaşlarının bir mislində deyil, iki  mislində əlavə verilib.

Qanunvericiliyə dəyişiklik edilməzdən əvvəl Milli Məclisin sədrinin maaşı 2475 manat idi. Dəyişiklikdən sonra spikerin əməkhaqqı 43%, yəni təxminən 1075 manat artıb. Bununla da, Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.

Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən, Milli Məclisin sədri hər ay vəzifə maaşının iki misli məbləğində maaşa əlavə alır.

Nəticədə, hazırda Milli Məclisin sədrinin aylıq rəsmi gəliri 10 650 manat təşkil edir.

Maaş artımı sıravı deputatlardan tutmuş Milli Məclisin sədr müavinləri, komitə sədrlərinə qədər hamıya şamil olunub.

Milli Məclisin sədrinin birinci müavini bu dəyişikliyə qədər aylıq 2227.5 manat əmək haqqı alırdısa, yeni qanunun qəbulundan sonra onun rəsmi maaşı 3195 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə gələndə həmin məbləğ 9585 manata çatır.

Milli Məclisin sədr müavinlərinin maaşı isə 2103.75 manatdan 3017.5 manata qalxıb. Bu məbləğin üzərinə aylıq vəzifə maaşının iki misli məbləğində əlavə gələndə, onların gəlirləri 9052.5 manata yüksəlib.

Milli Məclisin komitə və komissiya sədrlərinin əmək haqları 1980 AZN idisə, 2022-ci ildən sonra bu məbləğ 2840 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə olunanda isə həmin rəqəm 8520 AZN-ə çatıb.

Milli Məclisin komissiya sədrinin müavinlərinin əmək haqları 1856,25 manatdan 2662.5 manata çatdırılıb. Bu məbləğin üzərinə vəzifə maaşlarının iki misli məbləğində əlavəni gələndən sonra onların aylıq gəlirləri 7987.5 manat təşkil edir.

Sıravi deputatların maaşları da 43% artırılıb. Belə ki, iki il əvvələ qədər 1732.5 AZN əmək haqqı alan deputatın maaşı 2022-ci ildən sonra 2485 manat olub. Bu məbləğin üzərinə vəzifə maaşının iki misli məbləğində vəzifə əlavəni gələndə isə onların gəlirləri 7455 manata yüksəlib. 

Altıncı çağırış Milli Məclisin bəzi deputatları məlumatı Modern.az-a təsdiqləyiblər. 

Xatırladaq ki, deputatların gəlirlərinin vergiyə cəlb olunan hissəsi yalnız vəzifə maaşlarıdır. Yəni onlara verilən vəzifə maaşına əlavələrdən vergi tutulmur.