Dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları bir çox ölkələrdə mühüm nəqliyyat vasitəsidir və müxtəlif üstünlüklərə malikdir. Bu ictimai nəqliyyat növü həm ekoloji cəhətdən təmiz, həm də daha təhlükəsiz hesab olunması ilə yanaşı, xüsusən də böyük şəhərlər arasında sürətli sərnişin daşımaları üçün ideal vasitədir. Qatarların bir anda yüzlərlə və ya minlərlə sərnişini daşıma imkanına malik olması isə onu digər ictimai nəqliyyat vasitələrindən fərqləndirən əsas xüsusiyyətdir. Bununla yanaşı, qatarlar şəhərlərarası və şəhərdaxili nəqliyyatda tıxacların qarşısını qismən də olsa ala, sərnişinlər üçün rahat və təhlükəsiz səyahət imkanı yarada bilər. Məhz bu üstünlüklər son illər dəmir yolu nəqliyyatına tələbatı artırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu gün nədənsə ictimai nəqliyyat dedikdə yalnız avtobus seqmetindən danışılır. O söyləyib ki, ictimai nəqliyyatın metro və dəmir yolu nəqliyyatı kimi növlərindən də səmərəli istifadə etmək lazımdır.
Ekspert paytaxtda metrostansiyaların sayının artırılmasının vacibliyini də vurğulayıb. O, qonşu ölkələrdə, demək olar ki, hər il yeni bir stansiyanın açıldığını xatırladıb: “Amma Bakıda 10 ilə bir stansiya açılır. Bu da mütənasib deyil. Azərbaycanda əhali sayı artır, iqtisadiyyat genişlənir, buna paralel olaraq bir stansiyanın açılmasının on ilə başa gəlməsi düzgün yanaşma deyil. Belə olmamalıdır”.
Ekspert həmçinin Bakıdan Sumqayıt və əks istiqamətə hərəkət edən sərnişinlərin nəqliyyat probleminin həlli istiqamətində təkliflərini də bölüşüb. Onun sözlərinə görə, bu problem yalnız dəmir yolu nəqliyyatı vasitəsilə həll oluna bilər: “Ümumiyyətlə, dəmir yolu çox əhəmiyyətlidir. Şəhər mühitində də, qeyri-şəhər mühitində də vətəndaş üçün dəmir yolu nəqliyyatı ilə hərəkət etmək çox səmərəli və əlverişlidir. İqtisadi tərəfdən də bu, sərfəli sayılır”.
Məlum olduğu kimi, Bakıdan Xırdalana və Sumqayıta, eləcə də əks istiqamətə hər gün on minlərlə sərnişin axını müşahidə olunur. Avtomobil yollarında uzun tıxacların yaranması səbəbindən artıq qatarla gediş-gəlişə üstünlük verənlərin sayı artıb. Sakinlər deyir ki, paytaxtda çalışdığı yerdən hər gün avtovağzala, oradan isə Sumqayıta - mənzil başına getmək əlavə xərc hesabına başa gəlir. Buna görə də qatarla getməklə həm zamana, həm də pula qənaət etmək mümkündür.
Sumqayıtdan hər gün paytaxtın Səməd Vurğun küçəsindəki iş yerinə gələn Murad Qarayev deyir ki, qatarla gediş-gəliş həm də təhlükəsizlik baxımından önəmlidir. Onun sözlərinə görə, əvvəllər “manatlıq taksi”lərlə gedib-gəlirmiş. Amma bir neçə dəfə rast gəldiyi qəza hallarından sonra taksidən imtina etmək qərarına gəlib: “Sonradan sürət qatarı ilə gəlib-getməyə başladım. Bununla həm puluma, həm də zamana qənaət etmiş oldum. Burada ən əsası, zaman məsələsidir. Çünki yolumuz uzaqdır deyə, vaxtında evə çatmalı və dincəlməliyik ki, növbəti günü işə vaxtında çata bilək. Ona görə də qatar mənim üçün sevimli nəqliyyat vasitəsinə çevrilib”.
Nəzrin Allahverdiyeva isə Sumqayıtda işləyir. O deyir ki, ailəsi Bakıda məskunlaşdığından onlarla birlikdə yaşayır. Amma iş yerinin yaşadığı məkana uzaq olması onun üçün heç bir problem daşımır: “Çünki evimiz 28 May metrosunun yaxınlığındadır. Hər gün işə yollanan zaman piyada qatara gedirəm və oradan da 40 dəqiqəyə Sumqayıta çatıram. Əgər bu yolu digər ictimai nəqliyyat vasitələri ilə qət etsəm, həm zaman, həm da maddi baxımdan uduzmuş olacağam. Çünki mən hər gün avtovağzala getməli, oradan isə Sumqayıta yola düşməliyəm. İkinci bir tərəfdən artıq “manatlıq taksilər”lə gediş-gəliş çətinləşib. Odur ki, ən yaxşısı və təhlükəsizi qatardır”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı İqtisadiyyat.az-a açıqlamasında Bakı-Sumqayıt istiqamətində sərnişin daşımalarında çox ciddi problemlərin hələ də həllini tapmadığını vurğulayıb.
O bildirib ki, xüsusən avtobuslarda problem özünü daha qabarıq göstərir: “Çünki avtobusların sayı kifayət qədər deyil, interval çox böyük olduğuna görə də sərnişinlər daha çox fərdi nəqliyyat vasitələrinə, eyni zamanda taksilərə üstünlük verirlər. Onlar alternativlər barədə fikirləşərkən həm də dəmir yolu daşımalarına da üstünlük verirlər. Azərbaycan Dəmir Yolları tərəfindən Bakı-Sumqayıt-Pirşağı istiqamətində yaradılan dəmir yolu relsləri artıq öz müsbət nəticəsini verir. Gündəlik minlərlə sərnişin bu qatarlardan istifadə edir”.
E.Muradlının sözlərinə görə, normal ictimai nəqliyyat təşkil edilmədikcə, insanlar məcburən ya fərdi maşına, ya da taksilərə üstünlük verirlər: “Bu baxımdan xüsusən də Bakı-Sumqayıt arasında sərnişin daşımanın əsas üstün cəhətlərindən biri dəmir yolu olmalıdır. Dəmir yolunun bu sahədə inkişafı qaçılmazdır. Bununla yanaşı, yeni qatarların alınması ilə bağlı dövlət siyasəti də mövcuddur. Yəni mütəmadi şəkildə bu yöndə işlər həyata keçirilir. Bunun nəticəsində bir çox müsbət nəticələr əldə olunub”.
Müşahidələrdən və rəsmi məlumatlardan deyə bilərik ki, son illər Azərbaycanda qatar vasitəsilə səfərlərə maraq artıb. Təkcə bu ilin avqust ayında ADY-nin rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Marşrutlar üzrə ən böyük artım 41%-lə Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb. Həmçinin ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı bu il keçən illə müqayisədə 38 faiz çox olub.
Ölkədaxili qatarların hərəkətinin bərpası məsələsinə gəlincə isə, dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi davam etdirilir. Hazırda müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək. Dəyişən cərəyana keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək. Məhz bunun üçün keçid bu qədər önəmlidir.
Sadiq Cavadov