Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsində təmir işləri aparır.

İqtisadiyyat.az agentliyə istinadən xəbər verir ki, şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. Aparılan təmir işləri ilə sözügedən şossenin şəhərdən çıxış istiqamətində olan hissəsi üzrə artıq bu problem aradan qaldırılıb.

Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib.

Anoloji işlər hazırda yolun “Lökbatan dairəsi” adlanan hissəsində davam etdirilir.

Növbəti mərhələdə təmir işləri sözügedən şosenin şəhər mərkəzi istiqamətində olan hissəsi üzrə davam etdiriləcək.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.

"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.