Türkiyədə prezidentliyə namizəd olmaq üçün imzatoplama kampaniyası bu gün, yerli vaxtla saat 20.00-da bitir.

İqtisadiyyat.az türk mediadasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Yüksək Seçim Qurumundan məlumat verilib. Məlumata görə, indiyədək 4 siyasətçinin namizədliyi təsdiqlənib. 

Namizədliyi təsdiqlənənlər “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və altı müxalifət təşkilatının yaratdığı “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Qanunvericiliyə əsasən, R.T.Ərdoğan və K.Kılıcdaroğlunun rəhbərlik etdikləri partiyaların Türkiyə Böyük Millət Məclisində deputat fraksiyası olduğuna görə Yüksək Seçim Qurumu onların namizədliyini birbaşa qeydə alıb.

M.İncə və S.Oğan isə tələb olunan 100 min imzanı toplayıb. Bu gün səhər saatlarına əsasən digər namizədlərin səsləri belədir:

Məhəmməd Ali Fatih Erbakan 69 208 (“Cumhur İttifaqı”ına qatılaraq namizədliyini geri götürüb), Vətən Partiyasının sədri Doğu Perinçek 24 563, Yakup Türkal 2838, Erkan Trükten 2033, Tevfik Ahmet Özal 1361, İrfan Uzun 1073, Halil Murat Ünver 458, Hilmi Özden 422, Davut Turan 118 imza.

Son siyahı martın 31-də açıqlanacaq. Aprelin 1-də isə YSK-da namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq.

Türkiyənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu siyasi kampaniyada 64 milyondan çox seçici səs verəcək.