Səudiyyə Ərəbistanının may ayında neft ixracından əldə etdiyi gəlirlər 37,7% azalıb. 2022-ci ilin mayında 30,8 milyard dollar, bu ilin mayında isə 19,2 milyard dollar təşkil edib. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir, bu, 2021-ci ilin sentyabrından bəri ən aşağı göstəricidir.

Hesabat krallığın xarici ticarətində neft satışının payının nəzərəçarpacaq dərəcədə azaldığını göstərir. Ötən il 81%-ə qarşı indi 74% təşkil edir.

Ötən il Rusiya hərbçilərinin Ukraynada xüsusi hərbi əməliyyata başlaması fonunda neftin qiymətinin kəskin bahalaşmasından Səudiyyə Ərəbistanı böyük fayda əldə edib. Bu il krallıq bazarda qiymətləri yüksək səviyyədə saxlamaq üçün hasilatı azaltmaq qərarına gəlib.
Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt və digər OPEC+ ölkələri aprel ayında neft hasilatını azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı daha sonra iyul ayında könüllü olaraq hasilatı sutkada daha 1 milyon barel (b/d) azaltacağını açıqlayıb. İyulun əvvəlində məlum olub ki , krallıq neft hasilatının könüllü azaldılmasını eyni həcmdə - sutkada 1 milyon barrel avqusta qədər uzatmaq niyyətindədir.