Mütəmadi olaraq hər ay açıqlanan rəsmi statistik məlumatlara əsasən, ölkəmizdə boşanmaların sayının artdığı müşahidə olunur. Cəmiyyəti narahat edən bu məsələ ciddi və aktual problem olaraq qalmaqdadır. Çünki bu halın ailə institutuna ciddi zərbə olduğu heç kəsə sirr deyil. Cəmiyyətin özəyi hesab edilən bu institutu qorumaq isə olduqca vacib və prioritet məsələlərdən biridir. Bəzi hallarda qarşılıqlı dəyərlərin kənara atılması ailələrdə bu kimi problemlərin yaranmasına gətirib çıxarır. Bu ilin ilk beş ayı ərzində ölkədə 8 795 boşanma halı qeydə alınıb. Ürəkaçan statistik mənzərə ondan ibarətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı azalaraq 2,2-dən 2,1-ə düşüb. Bu isə sadəcə ötən ilin ilk beş ayı ilə müqayisə və cüzi azalma deməkdir. Ümumilikdə, boşanma hallarına tez-tez rast gəlinməsi problem olaraq qalmaqdadır.

Bəs ailələr niyə dağılır?

Sosioloq Üzeyir Şəfiyev İqtisadiyyat.az-a açıqlamasında təəssüflə deyib ki, yaxın və orta perspektivdə boşanmaların dinamikasında hələ də artım müşahidə oluna bilər. Onun sözlərinə görə, bunun da bir çox səbəbləri mövcuddur. Sosioloq deyir ki, Azərbaycan uzun müddət ənənəvi və patriarxal bir cəmiyyət olub. Burada normaları, qaydaları və düzəni elə cəmiyyət özü müəyyənləşdirib və cəmiyyətin fərd üzərində dominantlığı olub:

“Bu, belə olduğu müddətcə nizamı, ailə düzənini və ənənələri cəmiyyət özü tənzimləyib. Ancaq Azərbaycan artıq müstəqillik əldə etdikdən sonra qlobal dünyaya, açıq cəmiyyətə inteqrasiya olundu və bununla da təkcə fiziki sərhədlər yox, həm də mənəvi sərhədlər aradan götürüldü. Yəni Azərbaycan adamının dünyaya çıxışı əldə olundu. Dünyada olan həyat, yaşam və ailə tərzləri Azərbaycan adamı tərəfindən təqlid və imitasiya olunmağa başladı. Bir vaxtlar Azərbaycanda boşanmalar həm kişi, həm də qadın tərəfindən faciə kimi qarşılanırdısa, artıq qlobal dünyaya addım atan Azərbaycan adamı boşanmanı tolerant qarşılayır. Burada, şübhəsiz ki, haradan qidalandığı məlum olmayan və ailə dəyərlərini sarsıdan müxtəlif televerilişlərin də payı var”.

Gənc ailələr valideynləri ilə birgə yaşamaması səbəbindən dağılır?

Ekspert söyləyib ki, eyni zamanda statistikaya baxdıqda ən çox boşanma hallarının həm də uşaqsız ailələrdə baş verdiyini görmək mümkündür. O, bununla yanaşı, problemdən çıxış yollarından da danışıb. Ü.Şəfiyevin sözlərinə görə, boşanmaların qarşısını almaq üçün ilk növbədə ailə özü sağlam əsaslarla qurulmalıdır: “Orta məktəblərdə və ali təhsil müəssisələrində təhsilalanlara ailə dəyərləri aşılanmalıdır. Çünki indiki gənc ailələri təhlil etdikdə görürük ki, bu ailələrdə həm qızlar, həm də oğlanlar valideynlik missiyasını düzgün başa düşməyiblər. Yəni ailə dəyərlərini onlar tam mənimsəməyiblər. Onlar ailəni böhranlı vəziyyətdən necə çıxarmağın yolları haqqında düşünməyiblər. Çünki əvvəllər Azərbaycanda mürəkkəb ailələr üstünlük təşkil edirdi. Baba ilə nənə yeni qurulmuş ailə ilə birgə yaşayırdılar. Ailəni böhranlı anlardan çıxarmağa bəzən onlar kömək edirdilər. Amma indiki ailələr valideynlərlə birgə deyil, ayrı yaşamağa üstünlük verirlər. 3-5 ildən sonra onlar bir-birindən doyurlar və böhranlı anlar başlayır. Həmin anları geridə qoymaq üçün isə onlarda immunitet az olur və xırda bir bəhanə onların boşanmasına gətirib çıxara bilir”. 

Mütəxəssisin qənaətinə görə, boşanmaların mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Onun sözlərinə görə, əgər münaqişəli ailələr qeydə alınarsa, həmin ailələrlə sosial-psixoloji iş düzgün qurularsa, bir çox boşanma halının qarşısını almaq mümkün olar: “Yetər ki, yerli icra strukturlarında ailə böhran mərkəzləri yaradılsın, münaqişəli ailələr qeydə alınsın və ailələrlə işləyən psixoloq, sosial işçilərin akkreditasiyası aparılsın, lisenziya verilsin və onlar həmin o böhranlı ailələrlə işləsinlər. Yaxşı olar ki, televiziyalarda və kütləvi informasiya vasitələrində bir neçə nəsil örnək ailələrin nümayəndələrini efirə çıxarsınlar, onlar gənc ailələrə böhranlı anlardan çıxma ilə bağlı məsləhətlərini versinlər”. 

Cütlüklərə dəstək məqsədilə gənclər üçün ailə fondu yaradılsın

Ü.Şəfiyev gənc cütlüklərə dəstəklə bağlı Türkiyə nümunəsinin Azərbaycanda da həyata keçirilməsinin zəruriliyini ifadə edib: “Çox yaxşı olar ki, gənc ailələrə mənzil və məişət baxımından dəstək verilsin. Məsələn, qardaş ölkədə çox gözəl bir örnək var: burada gənclər və ailə fondu yaradılıb. Ölkədə əldə olunan gəlirin bir hissəsi oraya yönəldilir. Gənclər də öz növbəsində həmin fonddan mənzil şəraitini yaxşılaşdırmaq üçün faizsiz olaraq kredit götürür və 4 ildən sonra hissə-hissə güzəştli şərtlərlə ödəməyə başlayır. Oxşar layihə Azərbaycanda da tətbiq olunsa, çox yaxşı olar”. 

Psixoloq Gülnar Orucova isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, hazırda boşanmaların sayının artması ilə yanaşı, həm də evililik müddəti də azalıb. Onun sözlərinə görə, əvvəl cütlük 5-10, hətta 15 ildən sonra boşanardısa, indi 6-8 ay, hətta 1 aydan sonra boşananlara rast gəlinir: “Ümumiyyətlə, evlənmədən öncə cütlüklər psixoloqa getməli, bir-birilərinin xarakterlərini, uyğun olub-olmamasını aydınlaşdırmalıdırlar. Gələcəklə bağlı olan düşüncələrini, həyata baxış bucaqlarını psixoloq müəyyənləşdirməlidir. Bizdə isə boşanma mərhələsində olan ailələrə barışmaq məqsədilə psixoloq tövsiyə edilir. Amma bu, əvvəlcədən olmalıdır. Evlilikdən öncə psixoloq cütlüklərin qan təhlilini apararaq onların uyğunluğunu müəyyənləşdirir. Qan olaraq uyğun olsa belə, beyin cəhətdən bir-birinə müvafiq olmayan insanlar evləndikdə sonra müəyyən fəsadlar ortaya çıxır. Görürsünüz, travmalı gənclər daha çox cinayətə meyil edirlər. Ona görə ailə qurmazdan öncə kiminlə evləndiyini düşünmək lazımdır”.

Boşanmaların əsas motivlərindən biri sosial şəbəkələrdir

Psixoloq deyir ki, bu gün boşanmaların əsas motivlərindən biri xəyanət, sonra isə sosial şəbəkələrdir: “Çünki böyük tanışlıqlar elə məhz sosial şəbəkələr üzərindən qurulur. Bundan başqa, həyat yoldaşları arasında cinsi uyğunlaşmamaq kimi bir durum da boşanmalara səbəb ola bilir. Milli mental dəyərlərə sadiq qalaraq öz həyat yoldaşı ilə istədiyi kimi cinsi həyat yaşamaması tərəfləri ikili həyat sürməyə və yaxud xəyanət etməyə gətirib çıxarır. Xəyanət isə azadlıqla özbaşınalığı qarışdırmaqdır. Yəni elə insanla ailə qurmaq lazımdır ki, ilk olaraq mənəvi cəhətdən yaxın bir insan olsun, dəyər versin, fiziki və cinsi olaraq baxış bucaqları eyni olsun ki, bu problemlər ortaya çıxmasın”. 

G.Orucova bildirib ki, son zamanlar məntiq evliliyi deyə bir anlayış ortaya çıxıb. Onun sözlərinə görə, məntiq evliliyi bu gün ayrı məfhuma çevrilib: “Əvvəllər qarşılıqlı sevgi olmasa belə insanlar məntiqlə ailə qururdular. Kişi və qadının ailələri yaş, ağıl, savad, adət-ənənə, dəyər və maddi imkan uyğunluğu ilə razılaşır və evlilikləri reallaşdırırdılar. Bu, məntiq evliliyidir. Amma bu, indi belə deyil.  Ona görə də bu gün boşanmalara səbəb olan hallardan biri də “məntiq evliliyi”dir”. 

Boşanmaların qarşısının alınması üçün dövlət tərəfindən hansı işlər görülür?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva isə İqtisadiyyat.az-a bildirib ki, boşanma hallarının sayının artması olduqca narahatedici məqamdır. Çünki bu kimi hallar təkcə ər və arvada deyil, onlarla yanaşı ən çox uşaqlara, digər ailə üzvlərinə və təbii ki, dövlətə ziyan vurur, həssas təbəqədən olan natamam ailələrin sayı artır:

“Bu istiqamətdə tərəfimizdən mütəmadi olaraq paytaxtda və bölgələrdə ailələrlə ailə dəyərləri, ailə institutunun möhkəmləndirilməsi, ailə öhdəliklərinin və valideyn məsuliyyətinin bölüşdürülməsi, uşaqların müsbət psixoloji iqlimdə böyüməsi istiqamətində görüşlər keçirilir, müxtəlif məlumatlandırıcı vəsaitlər hazırlanır və sosial media səhifələrimizdə paylaşılır. Eyni zamanda ailə və uşaq məsələləri ilə məşğul olan mütəxəsislər üçün beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil edilir”. 

Kor-koranə qurulan ailələrin həyatında çatlar yaranır

Dövlət Komitəsinin nümayəndəsi söyləyib ki, vacib məqamlardan biri də ailələrlə yanaşı gənc nəslin ailə və nikah institutu haqqında öncədən məlumatlandırılmasıdır. Çünki məhz öncədən məlumatsız, kor-koranə şəkildə, bir-birini və ailə münasibətlərini tanımayan, ailə qurmaq xatirinə valideynlərin, yaxın ətrafın təkidi ilə nikaha daxil olan şəxslərin daha sonra ailə həyatında çatlar yaranır: “Ailə quracaq şəxslərin öncədən biri-birlərini daha yaxşı tanımaları üçün şəraitin yaradılması, ailə böyüklərinin bu mənada gənclərə dəstək olmaları, dövlət qurumları və aidiyyəti təşkilatlarla yanaşı ailə üzvlərinin də ailənin əhəmiyyəti, çətinlikləri, enişli-yoxuşlu yolları barədə gənclərə məlumat vermələri bir çox mənfi halların qarşısını alacaqdır. Komitəmiz tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində gənclərlə görüşlər keçirilir, onların fikirləri dinlənilir, ailə məsələləri ilə bağlı irəli sürdükləri təkliflər nəzərə alınır və gənclərin problem olaraq gördükləri məqamlarla bağlı yeni layihələr hazırlanır”.

S.Əliyeva vurğulayıb ki, cari ilin sentyabr ayında Komitə tərəfindən “Gənc Ailə Forumu”nun keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, 100 yaxın ailə qurmuş cütlüyün və müvafiq sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək 1 günlük forumda ailələrdə mövcud problemlər, ailələri narahat edən məsələlər müzakirə ediləcək, rəy və təkliflər nəzərə alınacaqdır.

“Unutmaq olmaz ki, Azərbaycan ailə institutu olduqca önəmlidir və tarixi kökləri vardır. Ailələri qorumaq təkcə dövlətin deyil bütün cəmiyyətin marağında olmalıdır. Cəmiyyəti ailənin üzvləri təşkil edir və bu gün ailələrdə boşanma hallarının olması, ailə üzvlərinin hər birinin psixologiyasının mənfi mənada dəyişməsi, sosial medianın düzgün istifadə edilməməsi, bəzən ailələrdə zorakılığın müşahidə olunması, boşanmadan sonra alimentin ödənilməməsi və s. həmin vəziyyətdə olan insanlarla yanaşı cəmiyyətə, dövlətin iqtisadiyyatına ciddi təsir göstərir”, - Dövlət Komitəsinin nümayəndəsi əlavə edib.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb.

Sadiq Cavadov