Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şadlıq sarayında təşkil olunan toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Asiman” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi və 250 nəfər qonağın məclisdə iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar şadlıq evinin inzibatçısı Elvin Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.