Qarabağ Universitetinin Mükəmməllik mərkəzinə direktor təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Abdulxaliq Məmmədli təyinat alıb.

Qeyd edək ki, Abdulxaliq Məmmədli İstanbul Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistratura səviyyələrində təhsil alıb. Sonra ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə ADPU arasındakı ikili diplom proqramında təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikinci dəfə magistratura təhsili alıb. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil İnstitutunda təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorantura səviyyəsini bitirib.

Abdulxaliq Məmmədli 2012–2017-ci illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) müəllim, Test mərkəzinin rəhbəri və ingilis dili üzrə metodbirləşmə rəhbəri vəzifələrində çalışıb.

Sonrakı dövrlərdə Abdulxaliq Məmmədli Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Azərbaycan Dillər Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrində müəllimlik edib.