Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksionerləri Azərbaycanın 6 qədim yemiş sortunun bərpasını həyata keçiriblər.

İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar zamanı itməkdə olan yemiş sortlarının toxumlarından nümunələr götürülüb. Nünunələr institutun seleksiyaçı alimləri tərəfindən öyrənildikdən sonra biotexnologiya laboratoriyasında çoxaldılıb və ilkin toxumçuluğu həyata keçirilib. Yenidən bərpa olunan qədim yemiş toxumlarının Kürdəmir rayonundakı fərdi təsərrüfatda eksperimental əkini aparılıb.

Kürdəmirli fermer Nizami Bədəlovun təsərrüfatında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçılarının tərtib etdiyi proqrama uyğun olaraq aqrotexniki qulluq həyata keçirilib. Nəticələr uğurlu olub və ölkəmizin itməkdə olan “Reyhani”, “Şahnəzər”, “Qəndi”, “Boz Dəli”, “Sineyvaz” və “Uzundadaş” yemiş sortlarının bərpası mümkün olub. Təsərrüfatda qədim yemiş sortları ilə yanaşı, İnstitut tərəfindən yaradılmış “Nihal”, “Günəş, “Xurşud”, “Sədəf”, “Kəhrəba” və “Yaqut” adlı yeni yemiş sortlarının, eyni zamanda əlavə olaraq 5 qarpız və 5 yemiş sortunun eksperimental əkini həyata keçirilib. Sınaq əkinləri Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Seleksiya şöbəsinin böyük elmi işçisi Xurşud Məmmədova və kiçik elmi işçi Türkan Hacıyevanın nəzarəti altında aparılıb. Qədim sort nümunələri ilə yanaşı yeni sortların sınaq əkinlərində də uğurlu nəticələr əldə edilib.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Kürdəmir rayonunda bostançılıqla məşğul olan 40-dək fermerin iştirakı ilə istər qədim, istərsə yeni yemiş sortlarının yetişdirilmiş nümunələri ilə tanışlıq və nümunələrin dequstasiya göstəricilərinin qiymətləndirilməsinə dair tədbir təşkil edib. Tədbirdə fermerlərə bərpa olunmuş və yeni yaradılmış yemiş sortlarının xüsusiyyətləri barədə məlumatlar verilib. İnstitutun direktoru Elmar Allahverdiyev bildirib ki, qədim yemiş sortlarının bərpası istiqamətində uzun müddətdən bəri aparılan işlər uğurla nəticələnib. Müxtəlif bölgələrə təşkil olunan ekspedisiyalar zamanı xüsusilə itməkdə olan sortların son nümunələrinin tapılması, laboratoriyada analizi, ilkin toxumçuluğunun təşkili istiqamətində seleksiyaçılar tərəfindən kompleks işlər görülüb. Fermerlərə təqdim olunan bərpa olunmuş sortların xəstəliklərə davamlılıq, məhsuldarlıq və dequstasiya göstəricilərinin hazırda ölkədə yetişdirilən xarici sortlardan üstün olduğunu deyən institut direktoru layihənin yekunlarına uyğun olaraq qədim yemiş sortlarının kütləvi toxumçuluğunun təşkilinə başlayacaqlarını deyib. Elmar Allahverdiyev Azərbaycanda məşhur olan yemiş sortlarına daxili bazarda böyük tələbat olduğunu, bu sortların kütləvi əkininin həm sortların bərpası, həm də fermerlərin gəlirlərinin çoxalması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.