Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində fəaliyyət sferasına (maraqlarına) toxunulan və rəy alınması zəruri olan qurumların siyahısı hazırlanacaq.

İqtisadiyyat.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun tətbiqi barədə” Fərmanda əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində fəaliyyət sferasına (maraqlarına) toxunulan və rəy alınması zəruri olan qurumların siyahısı, onlar tərəfindən verilmiş rəylərin əhatə dairəsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabineti üç ay müddətində tikinti əmsalına qismən cəlb edilmiş torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçən əsaslı tikili olmayan hissəsində tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.