Dünyada uşaqların peyvənd nisbətindəki artım 2023-cü ildə dayanıb.

İqtisadiyyat.az bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi məlumatlara istinadən xəbər verir.

Sözügedən məlumatlar uşaqlar üçün ən vacib immunitet vasitələrindən biri olan difteriya, tetanoz və göyöskürək (DTP) peyvəndinin hər 3 dozasını alan uşaqların sayının 2023-cü ildə 84% nisbətində, yəni 108 milyon olaraq qaldığını göstərib.

Digər tərəfdən, bir doza belə peyvənd olunmayan uşaqların sayı 2022-ci ildə 13,9 milyon olduğu halda, 2023-cü ildə bu rəqəm 14,5 milyona yüksəlib.

Bu vəziyyətin səbəbinin səhiyyə xidmətlərindəki maddi-texniki çətinliklər, peyvəndlə bağlı tərəddüdlər və səhiyyə xidmətlərinə çıxışdakı bərabərsizliklər ola biləcəyi qeyd olunub.

Məlumatlar, həmçinin göstərir ki, qızılcaya qarşı peyvənd nisbətləri dayanıb. Belə ki, bu xəstəliyə qarşı təxminən 35 milyon uşaq ümumiyyətlə peyvənd olunmayıb və ya natamam peyvənd olunub.

2023-cü ildə dünyada uşaqların yalnız 83 faizinin qızılca peyvəndinin ilk dozasını alacağı bildirilsə də, bu rəqəmlər epidemiyaların qarşısını almaq üçün tələb olunan 95 faizdən aşağıdır.

Bildirilib ki, son 5 ildə qızılca epidemiyası 103 ölkəni əhatə edib, peyvəndin güclü olduğu 91 ölkədə isə epidemiya olmayıb.