Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

İqtisadiyyat.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bank 2023-cü ilin ilk üç iclasında uçot faiz dərəcəsini artırıb və ilin əvvəlindəki 8.25%-dən 9.00%-ə çatdırıb.

Bu il mayın 3-dəki iclasda Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcəyi bildirilib. "İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaq. İllik inflyasiya göstəriciləri və proqnozların davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək", - deyə AMB bəyan edib.

Mərkəzi Bank həmçinin, uçot faiz dərəcəsinin ölkənin pul-kredit siyasətinə təsirinin ilkin əlamətlərinin olduğunu açıqlayıb. Bir neçə gün əvvəl qurumun Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Azərbaycanda pul bazarında təminatsız və təminatlı seqmentlər üzrə formalaşan faizlərin AMB-nin faiz dəhlizinə reaksiya verməyə başladığını, faiz transmissiyasının birinci həlqəsinin artıq işləməyə başladığını bildirmişdi. Azər Ələsgərov həmçinin, Mərkəzi Bankın monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini məhdudlaşdırmağa çalışdığı əlavə etmişdi.

Hazırki inflyasiya təzyiqlərini nəzərə alaraq beynəlxalq maliyyə analitikləri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini ilin sonuna kimi artıracağını qeyd ediblər.

"Fitch Solutions” beynəlxalq kredit reytinq agentliyi AMB-nin uçot dərəcəsini 9,25%-ə çatdıracağını proqnozlaşdırıb. Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina da "Fitch Solutions”la eyni fikirdədir və iyunun 21-də keçiriləcək iclasda AMB-nin yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 9,25%-ə çatdıracağını vurğulayıb.

Xatırladaq ki, mayın 3-də Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9%-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.