Mətbuatda yayılan məlumata görə, yaxın zamanlarda üç nazirin vəzifəsindən azad olunacağı gözlənilir. Bu nazirlərdən biri də Elm və Təhsil naziri Emin Əmrullayevdir. Buna səbəb isə təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsidir.  

 


 
Yayılan məlumatla bağlı Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, təhsil sahəsində kadr dəyişikliklərinin edilməsi arzuolunandır: 
 
"Elm və Təhsil naziri Emin Əmrullayevin vəzifəsindən azad olunmasının gözlənilən olması ilə bağlı informasiyalara rast gəlsəm də, ortada rəsmi qərar yoxdur. Bu baxımdan mövzu barədə konkret fikir söyləyə bilməyəcəyəm. Ümumilikdə təhsil sisteminin fəaliyyəti barədə deyə bilərəm ki, bu sahədə mühüm dəyişikliklərin edilməsinə ehtiyac var. Çünki son zamanlar təhsil sahəsində ciddi problemlər yaşanır və bu vəziyyət aradan qaldırılmalıdır". 

 


 
Təhsil eksperti Elçin Əfəndi isə öz növbəsində qeyd edib ki, təhsil sahəsindəki bürokratik əngəllər aradan qaldırılmadıqca kadr islahatları bu sahənin inkişafına imkan verməyəcək: 
 
"Pandemiyadan sonrakı dövrü nəzərə alsaq, dövlət başçısı tərəfindən təhsil sahəsi ilə bağlı imzalanan sərəncamlar var. Belə ki, bağçaların və Mİlli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ölkə başçısının sərəncamına əsasən baş verib. Sertifikasiya ilə bağlı qərarı da Nazirlər Kabineti vermişdi. Nazir sadəcə olaraq bu qədər işin nəzarətedici məsələlərinə diqqət göstərir. Elm və Təhsil Nazirliyinin isə keçirdiyi hansısa mütərəqqi yenilik yoxdur. Açığı, Elm və Təhsil naziri vəzifəyə gələndə sevinmişdim. Düşündüm ki, təhsil sistemində böyük islahatlar olacaq. Lakin son dövrdə yaşananlar gözləntilərin doğrulmadığını göstərdi. Lakin bütünlüklə naziri günahlandırmaq olmaz. Nəzərə almaq lazımdır ki, bəzi məsələlər nazirdən asılı deyil. Posta gələcək yeni namizəd müstəqilliyini mütləq saxlamalıdır. Yəni hansısa şəxslərin göstərişi ilə öz funksiyasını icra etməməlidir. Əgər nazirin müstəqilliyi yoxdursa, istefa verməlidir".  
 
Gülşən Şərif