Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 milyard manatlıq, o cümlədən 14,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4,2 % artıb.

Bu ilin I yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 12,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

6 ay ərzində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,1 %, fərdi sahibkarlar üzrə 4,1 %, bazar və yarmarkalarda 4,2 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 432,5 manatlıq, o cümlədən 244 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,5 manatlıq qeyri-ərzaq malları alıb.