Bu gün Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Salyan rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda martın 27-28-də “Açıq qapı” günləri təşkil olunacaq. İnstituta təkliflə müraciət etmək istəyənlər, iş axtaranlar, yaxud da institutla tanış olmaq istəyənlər bu günlərdə gələ bilərlər. “Açıq qapı” günləri qeyd olunan tarixlərdə səhər saat 09:00-dan 18:00-dək keçiriləcək.

Bu gün Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihələrin idarə edilməsinin əsasları" mövzusunda maarifləndirici təlim keçiriləcək. Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Elşad Şiriyev çıxış edəcək. Saat 10:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlim ödənişsizdir.

SOCAR Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tanker isə Aktau limanından bu gün yola düşəcək.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə “Xural Yayınları” MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynallının cinayət işi üzrə hazırlıq iclası olacaq.

Bu gün ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Azərbaycan milli komandası bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsveç millisi ilə qarşılaşacaq. Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qeyd edək ki, ilk oyunda komandamız Avstriyaya 4:1 hesabı ilə məğlub olub.