Bu gün Novruz bayramı ilə əlaqədar olaraq verilən 9 günlük tətilin son günüdür.

Bu gün ölkəmizin bir sıra magistral yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacaq.

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıt teatrsevərlərinin görüşünə gedəcək. Yaradıcı heyət “Dəcəl keçi” nağıl-tamaşasını təqdim edəcək.

Geomaqnit qasırğalarının müşahidə olunduğu bu ayda ən böyük qasırğanın məhz bu gün baş verəcəyi və sabah da daxil olmaqla davam edəcəyi proqnozlaşdırılır. Güclü günəş alovlarının K indeksi üzrə 7-ci səviyyəyə çatacağı gözlənilir.

Bu gün "Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə yoldaşlıq matçı keçirəcək. Oyun saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyundan əldə edilən gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara xərclənəcək. 

Bu gün "Qarabağ" - "Qalatasaray" yoldaşlıq oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək. Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Gün ərzində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq. Xətlərin “28 May” stansiyasında birləşməsi səbəbilə buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində interval 2 dəfə çox olacaq.

Bütün beynəlxalq yarışlardan təcrid olunan futbol üzrə Rusiya milli komandası bu gün Sankt-Peterburqdakı “Qazprom-Arena”da İraq yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bu gün Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər günüdür. Səsvermə saat 19:00-a qədər (Bakı vaxtı ilə 18:00) davam edəcək.