Finalda İngiltərəni məğlub edərək 4-cü dəfə Avropa çempionatında xoşbəxt sona çatan İspaniya ciddi gəlir əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, İştirak haqqı olaraq 9,25 milyon avro qazanan İspaniya qrupdakı 3 qələbəsi ilə də 3 milyon avro qazanıb.

Son 16 turdan 1,5 milyon avro, 1/4 finaldan isə 2,5 milyon avro qazanıb.

İspanlar yarımfinaldan 4 milyon avro qazandığı halda, 8 milyon avroluq çempionluq mükafatını da qazanıb. UEFA-nın rəsmi saytında yer alan yazıya görə, AÇ-2024-ün qrup mərhələsində keçirdiyi 3 oyunun hamısında qalib gələrək çempion olan komanda maksimum 28,25 milyon avro qazana bilər.

Beləliklə, İspaniya turnirdən əldə edə biləcəyi maksimum gəliri öz kassasına qoyub və 28,25 milyon avronun sahibi olub.

AÇ-2024-ü 2-ci pillədə başa vuran İngiltərə 24 milyon avro pul mükafatına layiq görülüb.