2024-cü ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.556.028 vergi ödəyicisinin 87,2%-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 95.037 vahid (6,5%), o cümlədən fiziki şəxslərin sayı 81.340 vahid (6,4%), hüquqi şəxslərin sayı 13.697 vahid (7,4%) artıb.

Məlumata görə, iyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 182.304 vahid təşkil edib və 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 8,1% artım qeyd alınıb.

2024-cü ilin yanvar-iyun aylarında 6.172 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 5.528-i (89,6%) yerli investisiyalı, 644-ü (10,4 %) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4.961-i (80,4 faizi) elektron qaydada, onların isə 4.027-si Asan İmza ilə, 923-ü yeni üsulla (finkod+mobil nömrə), 11-i “SİMA” rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

İyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37.636 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 faiz təşkil edib.

Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,2%-i səhmdar cəmiyyət, 1,1%-i kooperativ və s. formalarda yaradılıb.

İyul ayının 1-nə dövlət qeydiyyatında olan 117.802 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,7% artıb.