Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Ağdaş, Göyçay, Yevlax, Qəbələ və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi “Kaspian Standart” MMC olub.

Şirkətlə 295.334,27 manat məbləğində müqavilə imzalanacaq.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əmirov Elnur Nəriman oğludur.

“Kaspian Standart” MMC 15 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə haqqında hər hansı məlumat yoxdur. Şirkətin öz fəaliyyəti haqqında məlumatları ictimaiyyətdən gizlətməsi isə müəmma doğurur. Buna baxmayaraq, şirkət indiyə qədər hər birinin dəyəri 100 minlərlə ölçülən çoxsaylı tenderlərin qalibi olub.

 

Gülşən Şərif