"Bolt" taksi şirkətində qiymətlər 9 faiz artıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Bolt" taksi şirkətindən bildirilib.

Qeyd edilib ki, qəbul edilmiş yeni qərara əsasən buraxılış ili 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarda istismarı qadağandır:

"Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə mərhələli şəkildə sistem üzərində sifarişlərin verilməsi dayandırılır. Qeyd olunan proses davam edəcək. Əlavə olaraq qeyd edirik ki, sistemdə sifarişlər tələb təklif əsasinda formalaşır. Amma hazırda nəqliyyat vasitələrinə sifarişlərin verilməsinin dayandırılması qiymətlərin artmasına təsir göstərməmişdir".

"Bir daha bütün sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək. Buraxılış ili 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibi AYNA-ya müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 01.iyul 2024-cü il tarixindən etibarən yalnız buraxılış ili 8 ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcəkdir", - deyə əlavə edilib.

"Uber" taksi şirkətindən isə bildirilib ki, tariflər dəyişməsə də, son zamanlar istifadəçilər daim hərəkət etdikləri marşrutlar üzrə taksi qiymətlərində artım müşahidə ediblər. Qeyd edilib ki, yoldakı vəziyyət, boş avtomobillərin və sifariş sayının nisbəti, həmçinin, səfərin məsafəsi və müddəti kimi amillər "Uber" proqramında sifariş edilən səfərin qiymətinə təsir edir:

"Tələbatı ödəyən sürücü sayını təmin etmək üçün sistemdə avtomatik olaraq artan əmsal tətbiq edilir. Bu, daha çox sürücü cəlb etməyə imkan verən müvəqqəti tədbirdir. Lazımi say təmin edilən kimi artan əmsal dayandırılır və qiymət aşağı düşür".