Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini azaldıb. Belə ki, bank uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,5 %-dən 7,25 %-ə endirilməsi barədə qərar qəbul edib. İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsinin azaldılması bankların kredit faizlərinə də müəyyən təsir göstərir.

Mərkəzi Bankın yeni qərarından sonra Azərbaycan banklarında kredit faizləri dəyişə bilərmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, uçot dərəcəsinin azaldılması müəyyən mənada kredit faizlərinin də endirilməsinə gətirib çıxarmalıdır.

O bildirib ki, iqtisadi nəzəriyyəyə görə banklar Mərkəzi Bankdan krediti daha ucuz götürürsə, deməli, əhali və sahibkarlara da daha ucuz kredit verə bilərlər: “Amma bizdə mövcud şəraitdə bu belə deyil. Bunun da iki səbəbi mövcuddur. Əsas səbəb odur ki, Mərkəzi Bank paralel olaraq bankların buradakı məcburi ehtiyat dərəcəsini yüksək səviyyədə saxlayıb. Yəni banklar əhalidən və sahibkarlardan depozitə cəlb etdiyi pulun müəyyən hissəsini Mərkəzi Bankda saxlayırlar. Onun da səviyyəsini Mərkəzi Bank hələ ötən il çox kəskin şəkildə artırıb. Buna görə də bankların daha ucuz kredit vermə ehtimalı yoxdur”.

Ekspertin sözlərinə görə, digər səbəb odur ki, banklar üçün Mərkəzi Bankdan kredit götürmək elə də asan deyi: “Çünki girov təminatı tələbləri sərtdir. Yəni qanunauyğun olaraq banklar da girov tələb edirlər. Bankların isə çoxunun belə girovu yoxdur. Nəhayət, üçüncü məsələ odur ki, Azərbaycanda xeyli böyük banklar var ki, onların izafi likvidliyi var. Yəni onların pulu onsuz da çoxdur. Heç bilmirlər ki, nə etsinlər. Yəni buna görə də Mərkəzi Bankın uçot dərəcəsinin düşüb-qalxmasının onlara təsiri yoxdur. Onlar onsuz da əvvəllki kredit siyasətlərini həyata keçirəcəklər. Buna görə də uçot dərəcəsi ilə bağlı qəbul edilmiş qərarın faktiki təsiri yoxdur”.

Sadiq Cavadov