Son zamanlar Bakı – Supsa neft kəmərinin əhəmiyyəti artır. 

iqtisadiyyat.az xəbər verir ki, bu kəmər vasitəsilə nəql imkanlarının yenidən nəzərdən keçirilməsi gündəmdə olan məsələlərdəndir.

Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, "Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastruktur buna imkan verir".

Prezident əlavə edib ki, Bakıdan Gürcüstanın Supsa dəniz limanına gedən boru kəmərimiz boş olarsa, biz bu boru kəmərindən istifadə edə bilərik, çünki Qara dənizdə böyük bazar var.

Bu bazar barədə Xəzərin o tayında da müsbət fikirlər var. İmzalanan müqavilələr onu göstərir ki, Qazaxıstan Azərbaycanın həyata keçirdiyi logistika, tranzit və enerji layihələrində iştirakda maraqlıdır. Qazaxıstanın dənizə birbaşa çıxışı yoxdur. Hazırda baş verən geosiyasi dəyişiklikləri nəzərə alsaq, Qazaxıstanın ixrac marşrutlarının şaxələndirilməsinə təcili ehtiyacı var.

İxrac marşrutuna gəlincə, Azərbaycan da Qazaxıstanın neft ixracını şaxələndirməsini dəstəkləyir. Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,5 milyon ton neft tədarük etməyi planlaşdırır və bu həcmin 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir.

Əsas məsələ, Qazaxıstanda böyük ehtiyatların olmasıdır. Məsələn ölkənin quru sahələrində təqribən 7,8 milyard ton neft mövcuddur. Bunun 65-70%-i Xəzər hövzəsinin payına düşür. Daha iri -13 milyard ton şərti-yanacaq Xəzər dənizinin Qazaxıstan sektorundadır. Bu cür böyük ehtiyata malik ölkənin Azərbaycanı seçməsi təbii ki, ölkənin etibarlılıq və enerji ixracında özünü doğrulması məsələsidir.

Üstəlik, Azərbaycan əlverişli coğrafiyada yerləşir. Xəzərətrafı regiondan Avropaya yol Azərbaycansız mümkün deyil.  Xəzər hövzəsinin 5 ölkəsinin 5-i də həm qaz, həm də neft hasil edir. Həm də bunlarıixrac edir. Amma Azərbaycan kimi enerji nəqli ilə bağlı dayanıqlı bazaar üçün marşrut quran yoxdur. Böyük bazaar da sənayesi güclü Avropadır.  Azərbaycanla əməkdaşlıq etmək arzusu onları arzusunda olduğu Avropa bazarına çıxarır.

Deməli bazar üçün kifayət qədər neft var. Qalır onu bazara çatdırmaq. Prezident İlham Əliyevin xatırlatdığı Bakı-Supsa neft kəmərinə gəldikdə, hazırda istismar olunmayan bu kəmərin gücü ildə 7 milyon ton neftdən artıqdır. Üstünlük,  digər ölkələrin də kəmərə marağını artıtır.  Tarixə nəzər saldıqda, digər adı Qərb İxrac Boru Kəməri,  Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirmək məqsədilə Azərbaycanın təşəbbüsü ilə 1997-1998-ci illər ərzində tikilib. Kəmərlə nəql 1999-cu ilin martına qədər davam edib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi və son illərdə "Əsrin müqaviləsi" çərçivəsində hasilatın səviyyəsinin aşağı düşməsi Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin azlmasına səbəb oldu. Bu kəmər həm də sərfəli marşrutdur. Əgər Novorossiysk limanına çıxan Şimal boru kəməri ilə hər ton neftə görə tarif 15, 67 dollar təşkil edirdisə, Bakı-Supsa Qərb ixrac marşrutu ilə 1 ton neftin nəqletmə tarifi 3,14 dollar (1 barrelə görə isə 0,43 dollar) idi. Bu, digər ölkələrin də Azərbaycanın memarı olduğu bu neft kəmərinə marağı daha da artırır. Çünki çatdırılma xərcləri ucuz başa gəlir. Üstəlik burada Azərbaycan kimi, etibarlı, təhlükəsiz tərəfdaş Bakı amili var. Bakı-Supsadan istifadə , Azərbaycan üçün həm də ölkə üçün əlavə məşğulluq və valyutadır.