Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Hüqiqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” mövzusunda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbir fəal diskusiya şəraitində baş tutub.

Tədbiri açan rayon icra hakimiyyətinin əməkdaşı Ramil Qəribov sahibkarlar üçün yaradılan şəraitdən, yeni iş yerlərinin açılmasından və bazar münasibətlərinin ədalətli şəkildə formalaşmasından danışıb. İyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin əhəmiyyəti qeyd edilib. 

İctimai Birliyin eksperti hüquqşünas Aydın Kərimov “Rəqabət Məcəlləsinin qəbulu iqtisadi sahədə yeni münasibətlərin formalaşması stimulu kimi” mövzusunda çıxış edib.

O, Məcəllənin məzmununu, rəqabətli bazarın formalaşması üçün dövlətin apardığı siyasəti izah edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin region üzrə nümayəndəsi Afşin Əfsərbəyli təmsil etdiyi təşkilatın sahibkarlara göstərdiyi xidmətdən, sahibkarlarla əməkdaşlıq formalarından danışmaqla bərabər Rəqabət Məcəlləsinin ədalətli, demokratik, sosial dövlət quruculuğunda oynaya biləcəyi roldan söz açıb.

Sahibkarlar öz çıxışlarında fəaliyyətləri zamanı rastlaşdıqları haqsız rəqabət halları barədə məlumat verib, problemlərini göstəriblər.

Ümidvar olduqlarını bildiriblər ki, Məcəllənin qəbul edilməsi bir çox problemlərin həllinə kömək edəcəkdir.

Sonda iştirakçıların sulları cavablandırılıb, Məcəllənin tətbiqi mexanizmi ilə bağlı sorğu keçirilib.