Biləsuvar rayonunda tut ağaclarının yarparlarında kütləvi xəstəlik yayılıb.

Bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat verib.

İindiyədək belə bir halın baş vermədiyini söyləyən yerli sakinlər ilk dəfədir tut yarpaqlarında xəstəlik yayılması faktı ilə rastlaşdıqlarını bildiriblər.

Onlar deyir ki, bəzi ağacların yarpaqları xəstəlik səbəbindən demək olar ki, quruyaraq tökülüb.

Sakinlər bu xəstəliyin yarpaqlardan sonra ağacların budaqlarına və gövdəsinə keçmə ehtimalından narahatlıqlarını ifadə ediblər:

"Biz əsasən ondan narahatıq ki, bu xəstəlik ağacların özünü də qurudar. İlk dəfədir belə bir halla rastlaşırıq. Fikrimcə, bu vəziyyəti isti hava və ya şüa ilə əlaqələndirmək düzgün deyil. Çünki indiyə qədər belə bir hal baş verməmişdi. Niyə belə bir vəziyyətin baş verməsi hələ ki bizə qaranlıqdır".

Məsələ ilə bağlı kənd təsərrüfatı və ekoloji məsələlər üzrə mütəxəssis Mirsahib Zəkiyev bildirib ki, tut ağacının yarpaqları və giləmeyvələri mineral maddələrlə, üzvi turşularla, şəkərlə zəngin olduğu üçün daima həşəratlar üçün də cəlbedici olub.

O xatırladıb ki, dünyanın ən qiymətli və möhkəm ipliyi olan ipəyin istehsalı da məhz barama qurdunun tutun yarpaqları ilə qidalandıqdan sonra ifraz etdiyi ağ rəngli qatranabənzər mayenin barama sarıması nəticəsində baş verir:

"Odur ki, tut ağacının gövdəsi və budaqları, yarpaqları daima müxtəlif növ polifaq zərərvericilərin hücumuna məruz qalır. Tut ağacına ən böyük zərər verən polifaq yarpaq yastıcası və müxtəlif növ sovkalardır. Bunların arasında pambıq sovkası, meyvə ağaclarına zərər verən qurdlar və s. geniş yayılıb. Əsasən, əkin sahələrinə yaxın yerlərdə əkilmiş tut ağaclarının gövdələrində və yarpaqlarında qeyd olunan parazitlər müşahidə olunur. Zərərvericiləri tut ağacının gövdəsi, cavan budaqları və yarpaqları ilə qidalandıqdan sonra ağacın ümumi inkişafı zəifləyir, uzun illər davam edərsə, ağacın inkişafı dayanır".

Mütəxəssisin sözlərinə görə, zərərvericilərlə mübarizədə əsasən çöl quşları, müxtəlif növ arılar, parabüzənlər və böcəklərin rolu böyükdür. Çünki onlar bu zərərvericilərlə qidalanırlar. Kimyəvi mübarizə aparmaq üçün müxtəlif kimyəvi tərkibli insektisidlərin (fumiqant və kontakt tərkibli pestisidlərin) tətbiq edilməsi məsləhət görülür.

Qeyd edək ki, tut ağaclarının yarpaqlarındakı xəstəlik faktı rayonun əksər ərazisində müşahidə olunur.