Bu ilin birinci rübündə qlobal mal və xidmət ticarətinin artımı bərpa olunub, lakin ilin ikinci yarısı üçün gözləntilər bədbindir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.

Məlumata görə, müharibə və geosiyasi gərginlik, qlobal iqtisadiyyatın zəifləməsi, ticarəti məhdudlaşdırıcı tədbirlərin artımı, sənaye istehsalının yavaşlaması, inflyasiya, əmtəə qiymətləri və faiz dərəcələri kimi amillər qlobal ticarətə mənfi təsir göstərir.

Hesabata əsasən, bu ilin yanvar-mart aylarında qlobal mal ticarəti 2022-ci ilin son rübünə görə 1,9% artaraq 100 milyard dollara çatıb. Eyni zamanda, qlobal xidmət ticarəti isə 2,8% artaraq 50 milyard dollara yüksəlib.

Hesabatda inkişaf etməkdə olan ölkələrin həm idxalının, həm də ixracının illik bazda 6% artdığı, Şərqi Asiya iqtisadiyyatları istisna olmaqla, inkişaf etməkdə olan ölkələrin illik ticarət artımının isə təxminən 14% olduğu bildirilib.