Qazaxıstandakı iğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablanmış məbləği 44 mlrd. tengə (təxminən 100 mln. ABŞ dolları) təşkil edib.

Bu barədə Qazaxıstanın Milli Sahibkarlar Palatası məlumat yayıb.

Zərərin böyük hissəsi ticarət, ictimai iaşə, nəqliyyat, xidmət subyektləri, eləcə də maliyyə sektoruna dəyib. Ümumilikdə 519-a yaxın subyektə zərər dəyib.

Eyni zamanda, qeyd edilir ki, sözügedən biznes obyektlərinə çıxış olmadığından əksər iş adamlarına dəyən tam ziyanı qiymətləndirmək hələ də mümkün deyil.

Xatırladaq ki, bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bütün regionlarında konstitusion qaydanın əsasən bərpa olunduğunu bəyan edib. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti Qazaxıstanın hüquq mühafizə orqanları ilə birlikdə Almatı aeroportunu nəzarətə götürüb.